Bütün müşahidələr onu göstərir ki, Yaxın Şərq savaşı birmənalı şəkildə ABŞ-Çin qarşıdurmasının tərkib hissəsidir... Rəsmi Pekin Ağ Evi Yaxın Şərqdə "savaş bataqlığı"na salmağa nail olub və Pakistanda keçirilən sülh danışıqları da məhz Çinin nəzarəti altındadır...
Müasir dünya hazırda məhz Yaxın Şərq ətrafında yaranmış situasiya üzərindən idarə olunmağa başlayıb. Çünki bu regionla bağlı bütün baş verənlər həm dünya iqtisadiyyatına, həm də qlobal hərbi-siyasi proseslərə birbaşa, yaxud dolayısı yolla təsir göstərir. Və bu baxımdan, Pakistanın paytaxtı İslamabadda keçirilən ABŞ-İran sülh danışıqları qlobal səviyyədə böyük önəm daşıyır.
Onu da qeyd etmək lazımdır ki, hazırda mövcud olan qeyri-müəyyən və mürəkkəb situasiyada münaqişə tərəfləri arasında yaxın vaxtlarda prinsipial sülh razılaşmasının əldə oluna biləcəyi də qətiyyən inandırıcı görünmür. Əksinə, bu siyasi-diplomatik prosesin günlərlə, hətta aylarla uzana biləcəyi də qətiyyən istisna deyil. Çünki münaqişə tərəflərinin mövqeyində və qarşılıqlı olaraq, irəli sürdükləri sülh şərtlərində kəskin ziddiyyətlər mövcuddur.
Maraqlıdır ki, hər iki münaqişə tərəfinin bəyanatlarında da bu kəskin ziddiyyətlər qabarıq şəkildə nəzərə çarpır. Üstəlik, hər iki tərəfin öz şərtlərindən geri çəkilmə ehtimalı da müşahidə edilmir. Əksinə, həm ABŞ, həm də İran güzəştləri, geri çəkilməni məhz qarşı tərəfdən gözləyir. Və bu da onu göstərir ki, Yaxın Şərqdə savaş ya tezliklə bərpa oluna, ya da ən yaxşı halda, "dondurulmuş uzunmüddətli münaqişə" formatına keçə bilər.
Təbii ki, belə neqativ ehtimalların daha ön planda olduğunu indi dünyada hegemonluq etməyə vərdişli Ağ Evdə də çox yaxşı anlayırlar. Ona görə də, prezident Donald Trampın son aqressiv və panik xarakter daşıyan açıqlamaları qətiyyən təəccüb doğurmur. Və belə anlaşılır ki, ABŞ-ın Yaxın Şərqdə uzunmüddətli "savaş bataqlığı"na salınmış olması Ağ Evdə artıq ciddi əndişə doğurmağa başlayıb.
Məsələ ondadır ki, Pakistanda siyasi-diplomatik təmasların nəticələri hələ məlum olmadığı bir mərhələdə belə, prezident Donald Tramp təhdidkar ritorika ilə prosesə psixoloji təzyiq göstərməyə çalışmaqdan özünü saxlaya bilməyib. Belə ki, Ağ Ev sahibi İranın situasiyanı öz xeyrinə çevirmək üçün əlində heç bir tutarlı "kozır"ın olmadığını bildirib: "İranın hələlik mövcud olmasının əsas səbəbi məhz danışıqlar prosesi ilə bağlıdır".
Digər tərəfdən, prezident Donald Tramp onu da vurğulayıb ki, Pakistanda keçirilən görüşün nəticələri ən qısa zamanda məlum olacaq və bir çox məsələlərə pozitiv və ya neqativ anlamda, birbaşa təsir göstərəcək: "Əgər, anlaşma olmazsa, ABŞ İrana qarşı hərbi zərbələri yenidən bərpa etməli olacaq. ABŞ gəmiləri bu dəfə əvvəl olduğundan daha çox silah-sursatla yüklənib və artıq hərəkət etməyə hazırdır".
Ağ Ev sahibinin bu təhdidkar ritorikasından da anlaşılır ki, ABŞ savaş meydanında olduğu kimi, siyasi-diplomatik masada da proseslərə nəzarəti itirməyə başlayıb. Yəni, ABŞ indi artıq Yaxın Şərqlə bağlı nə savaş poliqonunda, nə də "sülh masası"nda şərtləri diqtə edən tərəf deyil. Və Ağ Evi panik duruma salan əsas məsələ odur ki, Yaxın Şərqlə bağlı bütün hərbi-siyasi proseslərin arxasından ABŞ-ın əsas qlobal rəqabi boylanır.
Məsələ ondadır ki, Yaxın Şərq savaşı ətrafında yaranmış situasiya indi məhz Çin tərəfindən idarə olunur. Üstəlik, rəsmi Pekin ABŞ-İran sülh danışıqlarının keçirildiyi Pakistanın paytaxtına xüsusi nümayəndə heyəti göndərməklə, "Çin də buradadlr" mesajı verdi və Ağ Evə meydan oxudu. Və eyni zamanda, İranın sülh danışıqlarına razılaşmasında Çinin birbaşa rolunun olduğu da artıq qətiyyən sirr deyil.
Əslində, bütün müşahidələr onu göstərir ki, Yaxın Şərq savaşı birmənalı şəkildə ABŞ-Çin qarşıdurmasının tərkib hissəsidir. Belə ki, Tramp administrasiyası hakimiyyətə gəldikdən sonra dərhal Çinlə bütün istiqamətlər üzrə geopolitik savaşa başladı. Çin iqtisadiyyatına sarsıdıcı zərbələr vurmaq üçün konkret addımlar atıldı. Arktikada Çinin maraqları böyük risk qarşısında qoyuldu.
Digər tərəfdən, Tramp administrasiyası Çunlə xüsusi münasibətlər qurmuş Venesuela prezidenti Nikolas Maduronu hərbi əməliyyatla qaçırtdı. Çünki bu ölkə öz enerji resurslarının əsasən Çinə satırdı. Çin iqtisadiyyatını əsas enerji qaynağından məhrum etmək üçün ABŞ Venesuela neft sənayesini zorla ələ keçirdi. Və bununla da Çinə ağır zərbə vurmuş oldu.
Eyni zamanda, Tramp administrasiyası Ukraynanı Kremlə "geopolitik rüşvət" kimi təqdim etmək cəhdləri ilə Rusiyanı Çindən uzaqlaşdırmağa çalışır. Əgər, buna nail olarsa, Çinin ABŞ qarşısında təklənmə prosesi daha da sürətlənə bilər. ABŞ İsrail ilə ortaq şəkildə İrana qarşı hərbi əməliyyatlara başlamaqla, əslində, yenə də Çini hədəfə çevirmişdi. Və Ağ Ev Venesueladan sonra İranın neft sənayesini də nəzarətə götürməklə, Çini növbəti enerji qaynağından məhrum buraxmaq niyyətindəydi.
Ancaq bu dəfə rəsmi Pekin daha çevik davranmağı bacardı. İranın müdafiə olunması üçün səhnə arxasında genişmiqyaslı dəstək verdi. Hətta atəşkəs dövründə Çinin yenə də Hava Hücumundan Müdafiə sistemləri göndərməyə hazırlaşdığı barədə məlumatlar mövcuddur. Və bu baxımdan, hesab etmək olar ki, əslində, Çin Yaxın Şərqdə ABŞ-ın dərin "savaş bataqlığı"na salaraq, məğlub duruma düşürə bilib.
Yalnız ABŞ-ın uzun müddət bu "savaş bataqlığı"ndan çıxa bilməyəcəyinə əmin olduqdan sonra rəsmi Pekin İranın Ağ Evdən verilən atəşkəs çağırışları üçün pozitiv cavabına nail olub. Üstəlik, rəsmi Pekin Çinin ən yaxın strateji tərəfdaşı olan Pakistanın şəriksiz vasitəçi olmasını da təmin edib. İndi Pakistana xüsusi nümayəndə heyəti göndərən rəsmi Pekin sülh prosesinə tam nəzarət etdiyi barədə dolayısı mesaj verir. Və əslində, Ağ Evdə yaşanan təlaşın əsas səbəbi də məhz ABŞ-ın Yaxın Şərq savaşı ilə bağlı düşdüyü situasiyanın hansı istiqamətlərə yönələcəyinin böyük ölçüdə Çin tərəfindən müəyyən edilə biləcəyindən qaynaqlanır.
Elçin XALİDBƏYLİ,
Siyasi ekspert,
"Yeni Müsavat" Media Qrupu
![]()