AZ

"Qaçqınkom"un ünvanına səsləndirilən ittihamlara aydınlıq gətirilib

Laçın rayonunun Arduşlu kəndindən olan Şahin və Vüqar Qədirov qardaşları tərəfindən "Facebook" sosial şəbəkəsində şəxsi hesablarında son günlər Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin fəaliyyətinə və nüfuzuna xələl gətirəcək əsassız iddialar paylaşılıb.

"Far.Az" xəbər verir ki, bu barədə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi məlumat yayıb.

Qeyd olunub ki, həmçinin Komitənin Aparat rəhbəri Eldar Zeynalovun ünvanına təhqir və böhtan xarakterli ifadələrdən ibarət statuslar paylaşılıb.

"Şahin Qədirov məcburi köçkün kimi Binəqədi rayonu, Binəqədi şossesində yerləşən və Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin balansında olan 2 saylı yataqxanada müvəqqəti olaraq qeydiyyata alınıb. O, dövlət tərəfindən mənzillə təmin olunması üçün müxtəlif vaxtlarda Komitəyə ərizə ilə müraciət etmiş və rəhbərlik tərəfindən qəbul edilərək dinlənilib. Müraciət müəllifinə Komitənin məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunda boş yaşayış sahəsinin olmadığı və məcburi köçkün düşdüyü Arduşlu kəndinin yenidən qurulmasından sonra onun da doğma kəndində evlə təmin edilməsi məsələsinə mövcud qaydalar çərçivəsində baxılacağı barədə rəsmi olaraq məlumat verilib".

Bildirilib ki, Şahin Qədirovun yenidən Komitəyə müraciəti nəzərə alınaraq o, 2026-cı il 8 aprel tarixində Aparat rəhbəri Eldar Zeynalov tərəfindən qəbul edilib:

"Müraciət müəllifi hazırda fasilələrlə kirayə və qohum evlərində yaşadığını əsas gətirərək, antiterror əməliyyatları zamanı azad edilmiş yaşayış məntəqələrindən birində onun iki otaqdan ibarət evlə təmin olunmasını israrla tələb edib. Komitədə fəaliyyət göstərən "Daimi Məskunlaşma Komissiyası"nın üzvləri tərəfindən aparılmış araşdırma zamanı Ş.Qədirovun həyat yoldaşından rəsmi qaydada boşandığı və bu səbəbdən Nazirlər Kabinetinin müvafiq qərarı ilə təsdiq edilmiş Qaydaya əsasən ona yalnız bir otaqdan ibarət evin verilə biləcəyi müəyyən olunub. Bu bərədə, eləcə də hazırda antiterror əməliyyatları zamanı azad edilmiş yaşayış məntəqələrində bərpa edilmiş evlər arasında bir otaqdan ibarət evin olmadığı, gələcəkdə qeyd olunan yaşayış sahəsinə uyğun ev olduğu təqdirdə müraciətinin müsbət həll ediləcəyi onun diqqətinə çatdırılıb".

Dövlət Komitəsi qeyd edib ki, bütün qeyd olunanlardan sonra, əsassız tələblərinin yerinə yetirilmədiyini görən Şahin Qədirov, qardaşı Vüqar Qədirovla birgə Dövlət Komitəsinin və onun vəzifəli şəxsinin ünvanına şər və böhtan xarakterli qərəzli fikirlərini sosial şəbəkə hesablarında paylaşmış, öz maraqlarını təmin etmək üçün ictimai çaşğınlıq və dövlət qurumuna inamsızlıq yaratmağa cəhd ediblər.

"Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi, dövlət orqanına və ya vəzifəli şəxsə qarşı bilərəkdən yalan, nüfuzdan salan məlumatların (böhtan və təhqir) yayılmasının Azərbaycan qanunvericiliyinə əsasən hüquqi məsuliyyət yaratdığını vətəndaşların diqqətinə çatdırır və onların qanunazidd hərəkətləri ilə bağlı müvafiq hüquqi tədbirlərin görülməsi üçün məhkəməyə müraciət etmək hüququnu öz üzərində saxlayır", - deyə bildirilib.

Seçilən
19
13
far.az

10Mənbələr