AZ

Dövlət Komitəsi: Sosial şəbəkələrdə yayılan iddialar əsassızdır

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi mətbuat xidmətindən AzVision.az-a verilən məlumata əsasən, Laçın rayonunun Arduşlu kəndindən olan Şahin və Vüqar Qədirov qardaşları tərəfindən “Facebook” sosial şəbəkəsində şəxsi hesablarında son günlər Komitənin fəaliyyətinə və nüfuzuna xələl gətirəcək əsassız iddialar, eləcə də Komitənin Aparat rəhbəri Eldar Zeynalovun ünvanına təhqir və böhtan xarakterli ifadələrdən ibarət statuslar paylaşılıb.

Məlumatda bildirilib ki, Şahin Qədirov məcburi köçkün kimi Binəqədi rayonu, Binəqədi şossesində yerləşən və Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin balansında olan 2 saylı yataqxanada müvəqqəti olaraq qeydiyyata alınıb. O, dövlət tərəfindən mənzillə təmin olunması üçün müxtəlif vaxtlarda Komitəyə ərizə ilə müraciət edib və Komitə rəhbərliyi tərəfindən qəbul edilərək dinlənilib. Müraciət müəllifinə Komitənin məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunda boş yaşayış sahəsinin olmadığı, məcburi köçkün düşdüyü Arduşlu kəndinin yenidən qurulmasından sonra onun da doğma kəndində evlə təmin edilməsi məsələsinə mövcud qaydalar çərçivəsində baxılacağı barədə rəsmi məlumat verilib.

Qeyd olunub ki, Şahin Qədirovun yenidən Komitəyə müraciəti nəzərə alınaraq o, 2026-cı il 8 aprel tarixində Aparat rəhbəri Eldar Zeynalov tərəfindən qəbul edilib. Müraciət müəllifi hazırda fasilələrlə kirayə və qohum evlərində yaşadığını əsas gətirərək, antiterror əməliyyatları zamanı azad edilmiş yaşayış məntəqələrindən birində onun iki otaqdan ibarət evlə təmin olunmasını israrla tələb edib.

Komitədə fəaliyyət göstərən “Daimi Məskunlaşma Komissiyası”nın üzvləri tərəfindən aparılmış araşdırma zamanı Şahin Qədirovun həyat yoldaşından rəsmi qaydada boşandığı müəyyən edilib və bu səbəbdən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 24 fevral tarixli 65 nömrəli qərarı ilə təsdiq edilmiş Qaydaya əsasən ona yalnız bir otaqdan ibarət evin verilə biləcəyi müəyyən olunub. Bu barədə, eləcə də hazırda antiterror əməliyyatları zamanı azad edilmiş yaşayış məntəqələrində bərpa edilmiş evlər arasında bir otaqdan ibarət evin olmadığı, gələcəkdə qeyd olunan yaşayış sahəsinə uyğun ev olduğu təqdirdə müraciətinin müsbət həll ediləcəyi onun diqqətinə çatdırılıb.

Bütün qeyd olunanlardan sonra, əsassız tələblərinin yerinə yetirilmədiyini görən Şahin Qədirov qardaşı Vüqar Qədirovla birgə Dövlət Komitəsinin və onun vəzifəli şəxslərinin ünvanına şər və böhtan xarakterli qərəzli fikirlərini sosial şəbəkə hesablarında paylaşaraq, öz maraqlarını təmin etmək məqsədilə ictimai çaşqınlıq və dövlət qurumuna inamsızlıq yaratmağa cəhd göstəriblər.

Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi bildirir ki, dövlət orqanına və ya vəzifəli şəxsə qarşı bilərəkdən yalan, nüfuzdan salan məlumatların (böhtan və təhqir) yayılması Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən hüquqi məsuliyyət yaradır və vətəndaşların diqqətinə çatdırılır. Komitə bu hallarla bağlı müvafiq hüquqi tədbirlərin görülməsi üçün məhkəməyə müraciət etmək hüququnu öz üzərində saxlayır.
Seçilən
5
19
azvision.az

10Mənbələr