Bu ilin birinci rübündə İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyinin (İKTA) “E-Şikayət” sisteminə ümumilikdə 1741 şikayət daxil olub.
Bu barədə İKTA-dan bildirilib.
Birinci rübdə telekommunikasiya xidmətləri üzrə “E-Şikayət” sisteminə ümumilikdə 1191 müraciət daxil olub. Bunların böyük qismi, yəni 61,8%-i internet (GPON, ADSL və s.) xidmətləri üzrədir. Mobil internet və mobil rabitə üzrə daxil olan müraciətlər 33%, telefon rabitəsi üzrə isə 5,2%-dir.
İnternet (GPON, ADSL və s.) xidməti üzrə müraciətlərdə ən çox pay 16,1%-lə xidmətin işləməməsinə, 13,5%-lə xidmət keyfiyyəti ilə bağlı məsələlərə, 10,8%-lə isə xidmət təchizatçılarının istehlakçılara göstərdikləri xidmətlərlə bağlı müraciətlərə aiddir.
Mobil rabitə xidmətləri üzrə daxil olan müraciətlərin əsas hissəsi operator dəyişdirilməsi (nömrədaşıma) ilə əlaqədar olub və bu kateqoriya üzrə müraciətlər 11,7% təşkil edib. Tariflərlə bağlı müraciətlər 6,4%, xidmət təchizatçılarının istehlakçılara göstərdikləri xidmətlərlə bağlı müraciətlər isə 2,9% olub.
Telefon rabitəsi xidməti üzrə müraciətlərin 1,5%-i xidmətin işləməməsi, 1,3%-i infrastruktur problemləri, 1,1%-i isə xidmət təchizatçıları tərəfindən istehlakçılara göstərilən xidmətlərlə bağlıdır.
Mobil internet xidmətləri üzrə ən çox müraciətlər 2,5%-lə şəbəkə problemləri və tariflər, 0,6%-lə isə xidmət təchizatçılarının istehlakçılara göstərdikləri xidmətlər barədə qeydə alınıb.
Poçt rabitəsi xidmətləri üzrə 2026-cı ilin birinci rübü ərzində 550 müraciət daxil olub. Bu da 2026-cı ilin birinci rübü ərzində sistemə daxil olan ümumi şikayətlərin 31,6%-ni əhatə edir. Poçt rabitəsi xidmətlərində müraciətlərin 90,7%-i poçt göndərişlərinin gecikdirilməsi, çatdırılmaması və ya itirilməsi barədə olub. 4,5% müraciətlər müştəri xidmətləri, digər 4,8% isə ödənişlər, poçt rabitəsi operatorunun yerləşdiyi obyektin vəziyyəti, istifadə olunan proqram təminatının işləkliyi barədə qeydə alınıb. Ümumilikdə isə müraciətlərin 88,7%-i sürətli poçt xidmətləri, 11,3%-i universal poçt xidmətləri barədə olub.
Ünvan olaraq müraciətçilərin 57,2%-i Bakını qeyd edib. Abşeron – Xırdalan üzrə bu göstərici 4,8%, Sumqayıt üzrə isə 4,3% təşkil edib. Daxil olan müraciətlərin ümumilikdə 78,9%-də vətəndaşlar əsasən 10 bölgəni – Bakı, Abşeron – Xırdalan, Sumqayıt, Cəlilabad, Gəncə, Lənkəran, Quba, Naxçıvan, Ucar və Astaranı ünvan olaraq göstəriblər.
İlk üç ayda sistem üzərindən müraciət edənlərin 88,3%-ni kişilər, 11,7%-ni isə qadınlar təşkil edib.