AZ

I rübdə “E-Şikayət” platformasına daxil olan müraciətlərin sayı açıqlanıb

Bakı, 13 aprel, AZƏRTAC

Azərbaycanın telekommunikasiya və poçt sahələrində tənzimləyici qurumu olan İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyi (İKTA) tərəfindən yaradılan “E-Şikayət” sistemi üzərindən 2026-cı ilin birinci rübü ərzində telekommunikasiya və poçt xidmətləri üzrə ümumilikdə 1741 şikayət daxil olub.

Bu barədə AZƏRTAC-a İKTA-dan bildirilib.

Məlumata əsasən, müraciətlərin 45,8 faizi internet (GPON, ADSL və s.) və telefon (məftilli) rabitəsi xidmətləri, 22,6 faizi mobil internet və rabitə xidmətləri, 31,6 faizi poçt rabitəsi xidmətləri üzrə qeydə alınıb. Bu müddət ərzində hər gün orta hesabla sistem vasitəsilə 19 şikayət daxil olub. Müraciətlər 81 telekommunikasiya və poçt xidmətləri təchizatçısı barədə ünvanlanıb.

Telekommunikasiya xidmətləri üzrə 2026-cı ilin birinci rübü ərzində “E-Şikayət” sisteminə ümumilikdə 1191 müraciət daxil olub. Böyük qismi – 61,8 faizi internet (GPON, ADSL və s.) xidmətləri üzrədir. Mobil internet və mobil rabitə üzrə daxil olan müraciətlər 33 faiz, telefon rabitəsi üzrə isə 5,2 faizdir.

Effektiv təhlil üçün hər bir xidmət üzrə müraciətlər xarakterinə görə müxtəlif mövzular üzrə qruplaşdırılır. İnternet (GPON, ADSL və s.) xidməti üzrə müraciətlərdə ən çox pay 16, faizlə xidmətin işləməməsinə, 13,5 faizlə xidmət keyfiyyəti ilə bağlı məsələlərə, 10,8 faizlə isə xidmət təchizatçılarının istehlakçılara göstərdikləri xidmətlərlə bağlı müraciətlərə aiddir. Mobil rabitə xidmətləri üzrə daxil olan müraciətlərin əsas hissəsi operator dəyişdirilməsi (nömrədaşıma) ilə əlaqədar olub və bu kateqoriya üzrə müraciətlər 11,7 faiz təşkil edib. Tariflərlə bağlı müraciətlər 6,4 faiz, xidmət təchizatçılarının istehlakçılara göstərdikləri xidmətlərlə bağlı müraciətlər isə 2,9 faiz olub.

Telefon rabitəsi xidməti üzrə müraciətlərin 1,5 faizi xidmətin işləməməsi, 1,3 faizi infrastruktur problemləri, 1,1 faizi isə xidmət təchizatçıları tərəfindən istehlakçılara göstərilən xidmətlərlə bağlıdır.

Mobil internet xidmətləri üzrə ən çox müraciətlər 2,5 faizlə şəbəkə problemləri və tariflər, 0,6 faizlə isə xidmət təchizatçılarının istehlakçılara göstərdikləri xidmətlər barədə qeydə alınıb.

Poçt rabitəsi xidmətləri üzrə 2026-cı ilin birinci rübü ərzində 550 müraciət daxil olub. Bu da 2026-cı ilin birinci rübü ərzində sistemə daxil olan ümumi şikayətlərin 31,6 faizini əhatə edir. Poçt rabitəsi xidmətlərində müraciətlərin 90,7 faizi poçt göndərişlərinin gecikdirilməsi, çatdırılmaması və ya itirilməsi barədə olub. 4,5 faiz müraciətlər müştəri xidmətləri, digər 4,8 faiz isə ödənişlər, poçt rabitəsi operatorunun yerləşdiyi obyektin vəziyyəti, istifadə olunan proqram təminatının işləkliyi barədə qeydə alınıb. Ümumilikdə isə müraciətlərin 88,7 faizi sürətli poçt xidmətləri, 11,3 faizi universal poçt xidmətləri barədə olub.

Agentlik tərəfindən həmçinin daxil olan şikayətlərin sosial-coğrafi meyarları da təhlil edilir.

Beləliklə, ünvan olaraq müraciətçilərin 57,2 faizi Bakını qeyd edib. Abşeron – Xırdalan üzrə bu göstərici 4,8 faiz, Sumqayıt üzrə isə 4,3 faiz təşkil edib. Daxil olan müraciətlərin ümumilikdə 78,9 faizdə vətəndaşlar əsasən 10 bölgəni – Bakı, Abşeron – Xırdalan, Sumqayıt, Cəlilabad, Gəncə, Lənkəran, Quba, Naxçıvan, Ucar və Astaranı ünvan olaraq göstəriblər.

Sistem üzərindən 2026-cı ilin birinci rübü üzrə müraciət edənlərin 88,3 faizini kişilər, 11,7 faizini isə qadınlar təşkil edib.

 

Seçilən
0
12
azertag.az

10Mənbələr