
Türkiyənin məşhur geyim brendləri – “Oxxo”, “Club”, “NetWork” və “Mudo” Rusiya bazarını tərk edir.
Yeniavaz.com xəbər verir ki, bu barədə “Kommersant” nəşri məlumat yayıb.
Məlumata görə, sözügedən brendlərin Rusiyadakı idarəetmə şirkəti olan “Marka Rus” artıq ötən il 10 mağazasını bağlayıb. Hazırda fəaliyyət göstərən 20 mağazanın da mərhələli şəkildə bağlanması planlaşdırılır və bütün satış nöqtələri 2026-cı ilin sonuna qədər fəaliyyətini dayandıracaq.
Ekspertlər bildirirlər ki, türk brendlərinin bazardan çıxması Rusiya geyim sektorunda ümumi daralma fonunda baş verir. Son illərdə artan xərclər və istehlakçı davranışındakı dəyişikliklər bazara mənfi təsir göstərib.
“Forbes” nəşrinin məlumatına əsasən, 2026-cı ilin əvvəlində Rusiyada pərakəndə satış məntəqələrinin sayı 2000-ci illərin əvvəllərindən bəri ilk dəfə olaraq illik müqayisədə azalıb. Bu isə ölkədə retail sektorunun çətin dövr keçirdiyini göstərir.