Bakı Mühəndislik Universitetində (BMU) Fövqəladə Hallar Nazirliyi (FHN) Sumqayıt Regional Mərkəzi ilə birlikdə “Fövqəladə hadisələrin qarşısının alınması və nəticələrinin aradan qaldırılmasında gənclərin rolu” mövzusunda tədbir keçirilib.
AzEdu.az xəbər verir ki, öncə Ümummilli Lider Heydər Əliyevin və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub, ardınca Dövlət Himni səsləndirilib.
Açılış nitqi ilə çıxış edən BMU-nun rektoru Yaqub Piriyev Ulu Öndər Heydər Əliyev tərəfindən müəyyənləşdirilən dövlətçilik kursunun Prezident İlham Əliyev tərəfindən müasir dövrün tələblərinə uyğun şəkildə uğurla davam etdirilməsi, ölkədə təhlükəsizlik sisteminin gücləndirilməsi, fövqəladə hallara hazırlığın artırılması, xüsusilə gənclərin vətənpərvərlik ruhunda tərbiyəsi istiqamətində həyata keçirilən ardıcıl siyasətdən danışıb. Rektor çıxışında bildirib ki, müasir dövrdə təbii fəlakətlər, texnogen qəzalar və digər fövqəladə hallar həm dövlətlər, həm də cəmiyyətlər üçün ciddi çağırışlar yaradır. Bu cür çağırışlara uyğun effektiv mübarizə yalnız aidiyyəti dövlət qurumlarının fəaliyyəti ilə deyil, eyni zamanda cəmiyyətin bütün təbəqələri, əsasən də gənc nəslin hazırlıq səviyyəsi və sosial məsuliyyəti ilə sıx bağlıdır.
Yaqub Piriyev vurğulayıb ki, fövqəladə hallara hazırlıq və problemlərin aradan qaldırılması istiqamətində dayanıqlı nəticələr əldə etmək üçün maarifləndirmə tədbirlərinin genişləndirilməsi, qabaqlayıcı mexanizmlərin gücləndirilməsi və ictimai iştirakçılığın artırılması vacibdir. Bu baxımdan gənclərin bilikli, təşəbbüskar, psixoloji cəhətdən hazırlıqlı fərdlər kimi formalaşması böyük əhəmiyyət daşıyır. Yaqub Piriyev BMU-da tələbələrin vətəndaş mövqeyi, təhlükəsizlik mədəniyyəti və cəmiyyətə faydalılıq prinsiplərinə əsaslanan dəyərlərə yiyələnməsinə xüsusi diqqət yetirildiyini qeyd edib.
FHN-in Sumqayıt Regional Mərkəzinin rəisi, polkovnik Vaqif Fətullayev çıxışında gənclərin ölkənin inkişafındakı rolundan bəhs edib. Ulu Öndər Heydər Əliyevin gənclərin müasir təhsil alması və peşəkar kadr kimi yetişməsi istiqamətində həyata keçirdiyi siyasəti və onun uğurlu nəticələrini xatırladıb. Eyni zamanda Ulu Öndərin ideyalarını öz faəliyyətində rəhbər tutan vətənpərvər gəncliyin Prezident İlham Əliyevin rəhbərliyi ilə qazandığı uğurları, habelə onların qarşısında duran vəzifələri qeyd edib. FHN-in gənclərin fövqəladə hallara hazırlığının gücləndirilməsi, onların bu sahəyə marağının artırılması istiqamətində həyata keçirdiyi layihə və təşəbbüslərdən danışan Vaqif Fətullayev nazirliyin həm ölkə daxilində, həm də ölkə hüdudlarında kənarda təbii fəlakətlər zamanı göstərdiyi operativ fəaliyyəti diqqətə çatdırıb. O, gənclərin bu sahədə könüllülüyü, psixoloji hazırlığı və ictimai dəstəyinin əhəmiyyətini xüsusi vurğulayıb.
Sonra Abşeron rayon Dövlət yanğından mühafizə hissəsinin rəis müavini, daxili xidmət mayoru Elbrus Məhərrəmov, Sumqayıt Regional Mərkəzinin Ərazi orqanları ilə iş şöbəsinin baş məsləhətçisi Sabir Əsgərov, BMU-nun Ümumi fənlər kafedrasının baş müəllimi Yalçın Zeynalov və müəllimi Mirramin Yunusov, “Şəhərsalma” ixtisası üzrə IV kurs tələbəsi Aysu Cəbrayılova çıxış ediblər. Məruzəçilər fövqəladə halların idarəolunması, yanğın təhlükəsizliyi qaydaları, o cümlədən BMU-da yerli və əcnəbi tələbələr arasında mülki müdafiə sahəsində biliklərin artırılması və bu istiqamətdə aparılan maarifləndirmə tədbirləri haqda fikirlərini bölüşüblər. Çıxışlarda, həmçinin FHN-in “Fövqəladə hallar könüllüləri” proqramı haqda məlumat verilib və gənclərin bu proqramda aktiv iştirakı önə çəkilib.
Daha sonra FHN qüvvələrinin fəaliyyət istiqamətləri, təhsil müəssisələrində yanğın təhlükəsizliyi, Sumqayıt Regional Mərkəzinin təlimləri mövzularında videoçarxlar nümayiş etdirilib.
Tədbir çərçivəsində BMU-nun “Nəqliyyatda servis” ixtisası üzrə III kurs tələbəsi Adəm Məmmədov evlərdə enerji sərfiyyatının real vaxtda izlənməsini və təhlilini təmin edən ağıllı sistem (EnergyX) və “Elektronika mühəndisliyi” ixtisasının III kurs tələbəsi Tahirə Bəylərova elektrik stansiyasında yaranacaq problemlərin qarşısının alınması üçün real vaxt rejimində monitorinq sistemi (HydroSense) layihələri ilə bağlı təqdimatla çıxış ediblər.
Sonda tədbir iştirakçıları universitet ərazisində fövqəladə hallar üçün nəzərdə tutulmuş xüsusi texnika və avadanlıqlarla tanış olub, FHN əməkdaşları tərəfindən onların təyinatı, istifadə qaydaları barədə məlumatlandırılıblar.
