ain.az xəbər verir, Azertag saytına əsaslanaraq.
Bakı, 14 aprel, AZƏRTAC
Bakı Mühəndislik Universitetində (BMU) Fövqəladə Hallar Nazirliyi (FHN) Sumqayıt Regional Mərkəzi ilə birlikdə “Fövqəladə hadisələrin qarşısının alınması və nəticələrinin aradan qaldırılmasında gənclərin rolu” mövzusunda tədbir keçirilib.
Universitetdən AZƏRTAC-a bildirilib ki, BMU-nun rektoru Yaqub Piriyev Ulu Öndər Heydər Əliyev tərəfindən müəyyənləşdirilən dövlətçilik kursunun Prezident İlham Əliyev tərəfindən müasir dövrün tələblərinə uyğun şəkildə uğurla davam etdirilməsi, ölkədə təhlükəsizlik sisteminin gücləndirilməsi, fövqəladə hallara hazırlığın artırılması, xüsusilə gənclərin vətənpərvərlik ruhunda tərbiyəsi istiqamətində həyata keçirilən ardıcıl siyasətdən danışıb. Rektor qeyd edib ki, təbii fəlakətlər, texnogen qəzalar və digər fövqəladə hallar həm dövlətlər, həm də cəmiyyətlər üçün ciddi çağırışlar yaradır. Bu cür çağırışlara uyğun effektiv mübarizə yalnız aidiyyəti dövlət qurumlarının fəaliyyəti ilə deyil, eyni zamanda cəmiyyətin bütün təbəqələri, əsasən də gənc nəslin hazırlıq səviyyəsi və sosial məsuliyyəti ilə sıx bağlıdır. Fövqəladə hallara hazırlıq və problemlərin aradan qaldırılması istiqamətində dayanıqlı nəticələr əldə etmək üçün maarifləndirmə tədbirlərinin genişləndirilməsi, qabaqlayıcı mexanizmlərin gücləndirilməsi və ictimai iştirakçılığın artırılması vacibdir. Bu baxımdan gənclərin bilikli, təşəbbüskar, psixoloji cəhətdən hazırlıqlı fərdlər kimi formalaşması böyük əhəmiyyət daşıyır. Yaqub Piriyev BMU-da tələbələrin vətəndaş mövqeyi, təhlükəsizlik mədəniyyəti və cəmiyyətə faydalılıq prinsiplərinə əsaslanan dəyərlərə yiyələnməsinə xüsusi diqqət yetirildiyini qeyd edib.
FHN-in Sumqayıt Regional Mərkəzinin rəisi, polkovnik Vaqif Fətullayev çıxışında gənclərin ölkənin inkişafındakı rolundan bəhs edib. FHN-in gənclərin fövqəladə hallara hazırlığının gücləndirilməsi, onların bu sahəyə marağının artırılması istiqamətində həyata keçirdiyi layihə və təşəbbüslərdən danışan Vaqif Fətullayev nazirliyin həm ölkə daxilində, həm də ölkə hüdudlarında kənarda təbii fəlakətlər zamanı göstərdiyi operativ fəaliyyəti diqqətə çatdırıb. O, gənclərin bu sahədə könüllülüyü, psixoloji hazırlığı və ictimai dəstəyinin əhəmiyyətini xüsusi vurğulayıb.
Abşeron rayon Dövlət yanğından mühafizə hissəsinin rəis müavini, daxili xidmət mayoru Elbrus Məhərrəmov, Sumqayıt Regional Mərkəzinin Ərazi orqanları ilə iş şöbəsinin baş məsləhətçisi Sabir Əsgərov, BMU-nun Ümumi fənlər kafedrasının baş müəllimi Yalçın Zeynalov və müəllimi Mirramin Yunusov, “Şəhərsalma” ixtisası üzrə IV kurs tələbəsi Aysu Cəbrayılova çıxış ediblər. Məruzəçilər fövqəladə halların idarəolunması, yanğın təhlükəsizliyi qaydaları, o cümlədən BMU-da yerli və əcnəbi tələbələr arasında mülki müdafiə sahəsində biliklərin artırılması və bu istiqamətdə aparılan maarifləndirmə tədbirləri haqda fikirlərini bölüşüblər. Çıxışlarda, həmçinin FHN-in “Fövqəladə hallar könüllüləri” proqramı haqda məlumat verilib.
Daha sonra FHN qüvvələrinin fəaliyyət istiqamətləri, təhsil müəssisələrində yanğın təhlükəsizliyi, Sumqayıt Regional Mərkəzinin təlimləri mövzularında videoçarxlar nümayiş etdirilib.
Tədbir çərçivəsində BMU-nun nəqliyyatda servis ixtisası üzrə III kurs tələbəsi Adəm Məmmədov evlərdə enerji sərfiyyatının real vaxtda izlənməsini və təhlilini təmin edən ağıllı sistem (EnergyX) və elektronika mühəndisliy” ixtisasının III kurs tələbəsi Tahirə Bəylərova elektrik stansiyasında yaranacaq problemlərin qarşısının alınması üçün real vaxt rejimində monitorinq sistemi (HydroSense) layihələri ilə bağlı təqdimat ediblər.
Sonda tədbir iştirakçıları universitet ərazisində fövqəladə hallar üçün nəzərdə tutulmuş xüsusi texnika və avadanlıqla tanış olub, FHN əməkdaşları tərəfindən onların təyinatı, istifadə qaydaları barədə məlumatlandırılıblar.









Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.