Xəbər verdiyimiz kimi, aprelin 14-də işğaldan azad edilmiş Füzuli rayonu Aşağı Əbdürrəhmanlı kəndi ərazisində Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) əməkdaşı 1995-ci il təvəllüdlü Mətili Muğan Rəfayıl oğlu xidməti vəzifəsini yerinə yetirərkən tank əleyhinə mina partlayışı nəticəsində həlak olub.
Bu faciə mina təhlükəsinin növbəti dəfə aktual olaraq qaldığını göstərir. Mina hadisələrinin davam etməsi işğaldan azad olunmuş ərazilərdə təhlükəsizlik məsələlərinin tam həll olunmadığını ortaya qoyur.
Milli Məclisin deputatı Nigar Məmmədova Musavat.com-a şərhində Azərbaycanın işğaldan azad olunmuş ərazilərində mina problemini ciddi humanitar böhran kimi xarakterizə edib. N.Məmmədovanın fikrincə, işğaldan azad edilmiş ərazilərdə torpaqların minalarla çirklənməsi yalnız hərbi deyil, həm də dərin sosial və iqtisadi fəsadlar yaradır: “Ermənistan tərəfinin dəqiq mina xəritələrini bu günə qədər verməməsi mina probleminin artıq regional çərçivəni aşmasına gətirib çıxarıb. Bu təhlükə insanların həyatını, eyni zamanda uzunmüddətli inkişaf perspektivlərini təhdid edir. Mina partlayışları nəticəsində həyatını itirənlər və xəsarət alanlar arasında mülki şəxslərin üstünlük təşkil etməsi isə problemin nə qədər ciddi olduğunu göstərir. Təəssüf ki, bu gün Füzuli rayonu ərazisində baş verən mina partlayışında daha bir ANAMA əməkdaşı həlak oldu. Bu hadisə bir daha göstərir ki, mina təhlükəsi hələ də aradan qalxmayıb və hər gün yeni faciələrə yol aça bilər. Bu problem insan həyatına yönəlmiş ciddi təhlükədir. Burada insan həyatının qorunması üçün daha çevik və təsirli addımların atılmasına, bu humanitar böhranın aradan qaldırılması üçün qlobal səylərin gücləndirilməsinə ehtiyac var. Vətən müharibəsindən sonra işğaldan azad edilmiş ərazilərimizdə indiyədək 400-dən çox insan mina partlayışlarında həlak olub və ya yaralanıb”.
Deputat diqqətə çatdırıb ki, minatəmizləmə zamanı həlak olan şəxslərin övladlarının sosial müdafiəsinin gücləndirilməsi istiqamətində də addımlar atılmaqdadır: “Qanunvericiliyə edilən yeni dəyişikliklər mina qurbanı olmuş şəxslərin övladları üçün müvafiq güzəştlərin təmin edilməsinə yönəlib. Burada söhbət təhsil, vergi güzəştləri, sosial təminat sahələrdə əlavə təminatların yaradılmasından gedir. Belə ki, sözügedən dəyişikliklər bu ailələr üçün müəyyən vergi və təhsil güzəştlərinin tətbiqini mümkün edir ki, bu da onların maddi vəziyyətinə birbaşa müsbət təsir göstərəcək, təhsilə çıxış imkanlarını genişləndirəcək. Bu qanun həm sosial siyasət, həm ədalət, həm də ən həssas vəziyyətdə olan insanlara qarşı məsuliyyətin təsdiqidir. Bununla biz sözügedən uşaqların gələcəyinə sərmayə qoyuruq. Onların layiqli həyat, təhsil almaq, inkişaf etmək və cəmiyyətin tamhüquqlu üzvü olmaq imkanı qazanmasına dəstək veririk.
Təsadüfi deyil ki, bu günlərdə minatəmizləmə zamanı həlak olmuş şəxslərin ailələrinə Prezident təqaüdü də təsis edildi və bu, dövlətin sosial siyasətində insan amilinin prioritet olduğunu bir daha nümayiş etdirir”.
N.Məmmədova həmçinin, qeyd edib ki, təcrübəyə əsasən mina ilə çirklənmiş ərazilərin tam təmizlənməsi uzun illər və böyük maliyyə resursları tələb edir: “Bu baxımdan beynəlxalq əməkdaşlıq, texniki və maliyyə yardımı həyati əhəmiyyət daşıyır. Beynəlxalq ictimaiyyət, xüsusilə Birləşmiş Millətlər Təşkilatı səviyyəsində bu məsələyə daha həssas yanaşılmalı, mina təmizləmə fəaliyyətlərinə dəstək artırılmalıdır. Dünyanın müxtəlif bölgələrində mina təhlükəsinin aradan qaldırılması üçün beynəlxalq proqramlar həyata keçirilir, donor ölkələrin və təşkilatların iştirakı ilə genişmiqyaslı layihələr reallaşdırılır. Müxtəlif platformlarda qəbul edilən qətnamələr daha çox tövsiyə xarakteri daşısa da, beynəlxalq rəyin formalaşmasında mühüm rol oynayır. Bu xüsusda Azərbaycan ərazilərindəki mina problemi də beynəlxalq gündəlikdən çıxmamalıdır”.
Nigar Həsənli
Musavat.com