AZ

Zərifə Əliyeva irsi: Azərbaycan oftalmologiyasının əsasını qoyan alim

ain.az, Sherg.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

“15 aprel tarixi Azərbaycan tibb elminin görkəmli nümayəndəsi, tanınmış oftalmoloq-alim, akademik Zərifə Əliyevanın anım günü kimi yadda qalır. Azərbaycan xalqı onun zəngin elmi irsini, mənalı həyat yolunu və milli səhiyyənin inkişafına verdiyi misilsiz töhfələri dərin ehtiramla yad edir. Onun görkəmli dövlət xadimi Əziz Əliyevin ailəsində böyüməsi dünyagörüşünün formalaşmasında mühüm rol oynayıb”. 

Bu sözləri Milli Məclisin deputatı Pərvanə Vəliyeva Sherg.az-a açıqlamasında tibb elmləri doktoru, professor Zərifə Əliyevanın anım günü ilə bağlı təssüratlarını bölüşərkən bildirib.

“Zərifə Əliyeva Azərbaycan oftalmologiya elminin inkişafına mühüm töhfələr verib. Onun elmi tədqiqatları əsasən traxoma və göz xəstəliklərinin öyrənilməsi, profilaktikası və müalicəsinə həsr olunub. Traxomanın sosial xəstəlik kimi ləğv olunması məhz Zərifə xanımın adı ilə bağlıdır. Onun elmi fəaliyyətinin mətbuatda dərc olunması klinik göz xəstəliyi sahəsində çalışan həkimlərin bilik və bacarıqlarının genişlənməsinə kömək edir. Professor görmə orqanının peşə patologiyasını sistemli şəkildə araşdırmaqla, ilk dəfə olaraq bu sahənin ayrıca elmi istiqamət kimi formalaşmasına töhfə verib.”

Deputatın sözlərinə görə, professor peşə fəaliyyəti dövründə 150-yə yaxın elmi əsərin, 12 monoqrafiyanın müəllifi olub:

“Zərifə xanım, uşaq evlərində tərbiyə alan kimsəsiz uşaqlar arasında yayılan traxoma xəstəliyinin qarşısını almaqda xüsusi xidmət göstərib. Böyük alim yalnız çalışdığı institutda fəaliyyət göstərməklə kifayətlənmirdi. O, respublikanın şəhər və rayonlarını gəzərək xəstəliyin səbəblərini araşdırır, tibbi ocaqlarda kompleks müalicə və profilaktik tədbirlər görürdü. Çoxillik müşahidələrin, klinik eksperimentlərin nəticələri Zərifə xanım Əliyevanın doktorluq dissertasiyanın əsasını təşkil edib. O, “Azərbaycanın bir sıra kimya müəssisələri işçilərinin görmə orqanının vəziyyəti” mövzusunda yazdığı dissertasiya işini dünyanın ən nüfuzlu oftalmologiya mərkəzlərindən birində müdafiə edib”. 

P.Vəliyeva, Zərifə Əliyevanın tibb sahəsində ərsəyə gətirdiyi monoqrafiyalardan bəhs edib:

“Professor elmi araşdırmalar nəticəsində “Şin istehsalında gözün peşə patologiyası”, “Xroniki yod intoksikasiyası ilə bağlı oftalmologiya” və “Yod sənayesində gözün peşə xəstəliyinin profilaktikası” adlı monoqrafiyaları ərsəyə gətirib. Alimin bir sıra elmi işləri görmə orqanında bədxasiyyətli şişlərin diaqnostikasına və müalicəsinə həsr olunub. Zərifə Əliyevanın 1983-cü ildə nəzəri və təcrübi təbabətdə qazandığı uğurlar, eləcə də yüksək ixtisaslı tibb kadrlarının hazırlanmasına verdiyi töhfələr, onun Azərbaycan Elmlər Akademiyasının həqiqi üzvü seçilməsinə yol açdı. Görkəmli professorun zəngin irsi, Azərbaycanın elmi mühitinə yeni nəfəs gətirdi”. 

Millət vəkili vurğulayıb ki, Zərifə Əliyeva Azərbaycan Elmlər Akademiyasının həqiqi üzvü seçilən ilk alim-oftalmoloq kimi tarixə düşüb:

“Onun elmi fəaliyyəti 1981-ci ildə SSRİ Tibb Elmləri Akademiyasının Averbax adına mükafatına layiq görülməklə, daim diqqət mərkəzində olub. Zərifə xanım Ümummilli Lider Heydər Əliyevin həyat yoldaşı kimi onun siyasi fəaliyyətində də mənəvi dayaq rolunu oynayıb. O, yüksək intellekti, zəngin mənəvi keyfiyyətləri və humanizmi ilə cəmiyyətin hörmətini qazanıb. Zərifə Əliyeva 1985-ci il aprelin 15-də Moskvada vəfat edib. Professorun oftalmologiya sahəsində qazandığı uğurlar, humanist dəyərlərə əsaslanan fəaliyyəti, Azərbaycan elminin qızıl səhifələrində yer alır. Onun zəngin irsi gələcək nəsillərə ilham verməyə davam edəcək”.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
13
3
sherg.az

10Mənbələr