AZ

Bir gün qaldı: ABŞ-İran müharibəsi BƏRPA edilir? - SON GƏLİŞMƏLƏR

Sabah – aprelin 21-də Pakistanın paytaxtı İslamabadda ABŞ-İran danışıqlarının növbəti raundu gözlənilir. Vaşinqtonu bu danışıqlarda prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoff, kürəkəni Cared Kuşner təmsil edəcək. Vitse-prezident Ceyms Devid Vensin budəfəki müzakirələrə qatılmayacağı məlum olub. İran nümayəndə heyətinin çərşənbə axşamı İslamabada gələcəyi haqda xəbər yayılıb. İki həftəlik atəşkəs isə aprelin 21-də bitir.

İran

Bu arada “Axios” özünün etibarlı mənbələrinə istinadən yazıb ki, danışıqlar prosesində irəliləyiş olmazsa, ABŞ yaxın günlərdə İrana qarşı hərbi əməliyyatları bərpa edə bilər. Nəşrin bildirdiyinə görə, aprelin 18-də prezident Donald Tramp Ağ Evdə Hörmüz boğazındakı son gərginləşmə və İranla danışıqları müzakirə etmək üçün görüş keçirib. Görüşdə vitse-prezident J.D.Vens, müdafiə naziri Pit Heqset, dövlət katibi Marko Rubio, maliyyə naziri Scktt Bessent, prezidentin xüsusi elçisi Stiv Vitkoff, Ağ Evin aparat rəhbəri Syuzan Viles, Mərkəzi Kəşfiyyat direktoru Con Ratkliff və Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri general Den Keyn iştirak edib. Trampın sözlərinə görə, Hörmüz boğazının bağlanması ilk növbədə İranın özünə ziyan vurur: “Onlar heç fərqinə varmadan bizə kömək edirlər və boğazın bağlanmasından gündə 500 milyon dollar itirənlər də onlardır! ABŞ heç nə itirmir”...

Budəfəki danışıqlardan əsas gözlənti nədir? Son iki həftə ərzində tərəflərin mövqeləri nə dərəcədə yaxınlaşıb? Bu həftə hərbi əməliyyatlar yenidən bərpa edilə bilər?

Politoloq Oqtay Qasımov Musavat.com-a bildirib ki, İran danışıqlardan imtina edir, səbəbi isə ABŞ-nin Hörmüz boğazında blokadanı davam etdirməsi ilə əsaslandırır:

“İran savaşa hazır olduğunu bir az da təhdidvari dillə mesaj verdi. ABŞ prezidentinin cavabı da çox çəkmədi. Tramp bildirdi ki, əgər İran danışıqlar masasına oturub anlaşma əldə etməsə, bu ölkəni havaya uçuracağam. Düşünürəm ki, sabah razılığa gəlməsələr, hərbi eskalasiya riski yenidən yüksələ bilər. Demirəm ki, dərhal başlaya bilər, amma hər halda, İsrail fürsətdən istifadə edib İrana müəyyən zərbələr endirə bilər. ABŞ isə daha çox təzyiq vasitələrinə baş vurmaqla İranı müəyyən razılaşmalara məcbur etmək istəyir. Məhz elə bölgəyə üçüncü aviadaşıyıcı gəminin gəlməsi də bununla əlaqədardır. Düşünürəm ki, ABŞ bir formada İranla anlaşma əldə olunmasını istəyir. Bu anlaşma İsrailin maraqların tam cavab verərmi, bu da sual doğurur”.

İslamabad

Politoloqun sözlərinə görə, hazırda əsas problem ondan ibarətdir ki, İranda sanki vahid rəhbərlik yoxdur, müxtəlif qruplaşmalar var və onlar hakimiyyət uğrunda mübarizə aparırlar:

“Yeni dini lider hələ ki ortaya çıxmayıb və onun mövqeyinin nədən ibarət olduğu ilə bağlı ciddi məlumat yoxdur. Sadəcə, onun adından müəyyən bəyanatlar səsləndirilir, amma onun prosesdə nə qədər iştirakı ilə bağlı dəqiq məlumat yoxdur. Faktiki olaraq, İranda radikallar və daha radikallar, o cümlədən praqmatiklər arasında mübarizə gedir. Görünən odur ki, hakimiyyət hərbi xunta tərəfindən ələ keçirilib, onlar proseslərə öz istədikləri kimi yön verməyə çalışırlar. Söhbət SEPAH rəhbərliyindən gedir. Bu qrup tərəfindən verilən bəyanatlar müharibənin duracağı anlamına gətirmir. Bu baxımdan, İran sabah danışıqlarda iştirak etməsə, vəziyyət xeyli gərginləşəcək”.

Son xəbərə görə, İran ABŞ ilə danışıqların ikinci raundu barədə qərar hələ verilməyib. Bu barədə aprelin 20-də İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi bildirib. “Danışıqlara gəlincə, deyə bilərəm ki, hələlik növbəti raund üçün heç bir planımız yoxdur”, - o, mətbuat konfransında qeyd edib.

Bundan başqa, rəsmi Tehran bəyan edib ki, ABŞ-nin İran gəmisini ələ keçirməsi atəşkəsin pozulmasıdır. İran Xarici İşlər Nazirliyi məlumat yayıb. Rəsmi Tehran bu addımın mövcud atəşkəs rejimini kobud şəkildə pozduğunu bəyan edib.  “Müharibə nə İranın, nə də ABŞ-nin maraqlarına uyğundur”. Teleqraf xəbər verir ki, bunu isə İran Prezidenti Məsud Pezeşkian deyib.

Prezident hesab edir ki, münaqişənin həlli üçün diplomatik vasitələrdən istifadə edilməlidir. “Müharibə heç kimə sərf etmir, təhdidlərə qarşı mübarizə apararkən gərginliyi azaltmaq üçün bütün ağlabatan və diplomatik vasitələrdən istifadə etmək lazımdır. Həmçinin düşmənə qarşı inamsızlıq və qarşılıqlı əlaqələrdə sayıqlıq vacib olaraq qalır”, - Pezeşkian vurğulayıb.

Etibar Seyidağa,
Musavat.com

Seçilən
34
50
musavat.com

10Mənbələr