“Turan Tovuz”un məşqçisi Yunis Hüseynov Azərbaycan Kubokunun yarımfinalında “Zirə”yə qarşı keçirdikləri cavab oyununu şərh edib.
Arena.az xəbər verir ki, ilk oyunda 0:2 hesabıyla məğlub olmuş Tovuz təmsilçisi bu gün baş tutmuş matçdan 0:0 hesablı heç-heçə ilə ayrılaraq mübarizəni dayandırıb.
Yunis Hüseynov matçdan sonra təşkil edilmiş mətbuat konfransında bunları söyləyib:
“Kubokda finala çıxmağı hər komanda istəyir. Biz də bunu istəyirdik. Oyunda güclü tərəf biz idik. Ötən matçda haqqımızı yedilər. Finala layiq komanda biz idik. Əfsuslar olsun ki, ötən oyundakı səhvlərə görə bu gün qələbə qazana bilmədik. Qol da vurduq, saymadılar. Bizdə olanda dərhal VAR-a gedirlər, rəqibdə olanda görməmişəm ki, VAR-a baxsınlar. Premyer Liqada Əliyar Ağayev rəqibə qırmızı vərəqə verib, ləğv etmişdi. Bu qədər futbolçunun haqqını yedi. Bu gün heç-heçə etdik. “Zirə”yə uğurlar arzulayıram.
Futbolçularda psixoloji olaraq təsir qalmışdı. Danmıram. İki təmiz penaltini vermirlər. Komandamız bu oyuna pis hazırlamamışdı. “Zirə” ilk görüşdə 2:0 qalib gəlmişdi. Bilirdik ki, beşli müdafiə ilə oynayacaqlar. Arxada o qədər imkan vermədilər. Buna baxmayaraq, komandamız pis təsir bağışlamadı. Birinci hissədə qol vursaydıq, ikinci qol da gələrdi. “Zirə” bu gün yalnız müdafiədə oynayırdı.
Bu gün hakim idarəçiliyindən narazı qalmadım. Amma qol epizodumuza baxmamışam.
Hansısa komanda qatıldığı yarışda kuboku qazanmaq istəmirsə, demək o komandanın məqsədi yoxdur. Məqsədimiz kuboku qazanmaq idi. Premyer Liqada çempionluq istəyirdik. Çətin oyunlarımız var. Çempionata köklənəcəyik”.
