Azərbaycanın yunan-Roma güləşi üzrə millisinin üzvləri Rəşad Məmmədov və İslam Abbasov Albaniyada Avropa üçüncüsü olublar.
Arena.az xəbər verir ki, Albaniyanın paytaxtı Tiranada təşkil edilmiş güləş üzrə Avropa çempionatı davam edir.
İkinci yarış günündə 2 yunan-Roma güləşçimiz fəxri kürsüyə qalxıb.
Rəşad Məmmədov türkiyəli Ömər Rəcəplə tam üstünlüklə (8:0) qalib gələrək bürünc medalı boynundan asıb.
İslam Abbasov (87 kq) da eyni nəticəni təkrarlayıb. Təcrübəli güləşçimiz həlledici qarşılaşmada türkiyəli Doğan Kayanı üstələyib – 5:1. Bununla da İslam böyüklər arasında Avropa çempionatlarında qazandığı medalların sayını beşə (1 gümüş, 4 bürünc) çatdırıb.
Millimizin digər üzvü Beka Kandelaki (130 kq) eyni uğuru təkrarlaya bilməyib. O, üçüncülük uğrunda qarşılaşmada ukraynalı Mixaylo Vişnivetskiyə 1:3 hesabıyla məğlub olaraq, 5-ci yerlə kifayətlənib.
