2025-ci ilədək "Birbank" çatına ünvanlanan müştəri sorğularının emalı 40%-dən 70%-ə yüksəlib. Bu artım müştərilərin məmnuniyyət nəticələrinin də 75%-ə yüksəlməsinə səbəb olub.
Banco.az xəbər verir ki, bunu "Kapital Bank"ın İdarə Heyətinin sədri, Baş İcraçı direktoru Fərid Hüseynov bu gün rəhbərlik etdiyi bankın 2025-ci ilin yekunları və 2026-cı ilin fəaliyyət planlarına dair keçirilən mətbuat konfransında deyib.
Sədr vurğulayıb ki, Yeni nəsil "AI-agent" əsaslı çat həllərimiz vasitəsilə müştərilər artıq bir çox əməliyyatları müstəqil şəkildə icra edə bilirlər - kartların blokdan çıxarılması, əməkhaqqı avansı, nağd kredit və ya kredit kartı üçün müraciət kimi xidmətlər artıq operator müdaxiləsi olmadan həyata keçirilir:
"Rəqəmsallaşma trendini daxili əməliyyatlarımızda da tətbiq edirik. Nümunə olaraq desəm robotik avtomatlaşdırma (RPA) texnologiyası vasitəsilə 2025-ci ildə 8 departamentimiz üzrə 46 biznes prosesini avtomatlaşdırmışıq və bu, bizə 93 min saatlıq manual iş yükünə qənaət etmək imkanı yaradıb".