İtaliyanın “Roma” klubunun idarə heyətinin müşaviri, bu komandanın sabiq baş məşqçisi Klaudio Ranyeri vəzifəsindən ayrılıb.
Arena.az xəbər verir ki, bu barədə paytaxt təmsilçisi rəsmi saytı vasitəsilə məlumat yayıb.
Klub Ranyeriyə xidmətləri üçün təşəkkür edib, gələcək həyatında uğurlar arzulayıb.
İtaliya mətbuatının yazdığına görə, ayrılığın əsas səbəbi təcrübəli mütəxəssislə komandanın baş məşqçi Can Pyero Qasperini arasında yaranmış fikir ayrılığıdır. Tərəflər transfer siyasəti ilə bağlı ortaq məxrəcə gələ bilməyiblər. Qasperini komandanın heyətindən narazılığını bildirib, Ranyeri isə transferlərin birgə razılaşdırıldığını vurğulayıb. Məlumata əsasən, mövsümün sonuna yaxın qeydə alınmış qeyri-sabit nəticələr tərəflər arasında gərginliyi daha da artırıb.
Xatırladaq ki, “Roma” hazırda A Seriyasında 33 turdan sonra 58 xalla 6-cı pillədə qərarlaşıb.
Qeyd edək ki, 73 yaşlı Klaudio Ranyeri 2024-cü ilin noyabrında “Roma”nın baş məşqçisi təyin olunmuş və mövsümün sonuna qədər komandaya rəhbərlik etmişdi. O, daha əvvəl də 2009–2011 və 2019-cu illərdə paytaxt klubunda çalışıb.
