AZ

“Öz səviyyəmizdən aşağı çıxış etdik” – Valdas Dambrauskas

“Sabah” Azərbaycan Premyer Liqasının 29-cu turunda “Karvan-Yevlax”a 2:0 hesabı ilə qalib gəlib.

Msport.az xəbər verir ki, meydan sahiblərinin baş məşqçisi Valdas Dambrauskas mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:

– Bizim üçün çox çətin, ağır oyun alındı. Bu da gözlənilən idi. Çünki “Qarabağ”a qarşı iki vacib oyun keçirmişdik. Həmin matçlarda çox enerji itirmişdik. Öz səviyyəmizdən aşağı çıxış etdik. Birinci hissədə istədiyimizdən zəif oynadıq. İkinci yarıda daha çox qol fürsətlərimiz oldu. Fasilədən sonra oyuna enerji ilə daxil olduq. Daha çox istəyən tərəf biz idik. Hər iki komanda 10 nəfərlə qalanda top saxlamağa çalışdıq. Rəqibin risk edəcəyini gözləyirdim. Amma riskə getmədilər. Yenə 5-4 sisteminə sadiq qaldılar, hücumçusuz çıxış etdilər. Azarkeşlər üçün o qədər də baxımlı oyun alınmadı. Hər oyunu eyni şəkildə keçirə bilmərik. Önəmlisi odur ki, 3 xal qazandıq. Yolumuza davam edirik. Qısa müddətdə bərpa olub “Şamaxı” ilə oyuna köklənməliyik.

– Xəyal Əlliyev son vaxtlar az şans qazana bilmir. Mütəmadi olaraq start heyətində yer alması üçün nə çatmır?

– Rəqabət var. Çox yaxşı komandayıq. Hücumda güclü oyunçulara sahibik. Qələbə qazanırsansa, hücumçunu dəyişmək çətindir. Amma onu deyə bilərəm ki, Xəyal bu mövsüm bizə çox fayda verib. Mikelsin yoxluğunda o çox yaxşı çıxış etdi. Çalışmağa davam etməlidir. öz üzərində daha çox işləməlidir ki, əsas hücumçuya çevrilsin. Amma bu da asan deyil. Komandada çox yaxşı hücumçular var. Xəyalı başa düşürəm. Onun davranışı, yanaşması, döyüşkənlik ruhu xoşuma gəlir. Bəzən bizə başla yaxşı oynayan hücumçu lazım olur. O zaman lazım olan oyunçudan istifadə  edirik. Bu, mənim qərarımdır və qərarımın arxasındayam. İnanıram ki, öz üzərində çalışmağa davam etsə, həmişə oynamaq imkanı əldə edəcək.

Seçilən
1
2
msport.az

10Mənbələr