AZ

İran ABŞ blokadasından yayınmağın YENİ ÜSULUNU tapdı – VİDEO

İran ABŞ-ın tətbiq etdiyi blokadadan yayınmaq üçün Çinə nefti quru yolla — dəmir yolu vasitəsilə ixrac etməyə çalışır.

Bizim.Media xəbər verir ki, bu barədə “The Wall Street Journal” İran Neft İxracatçıları Birliyinə istinadən məlumat yayıb.

Nəşrin yazdığına görə, ABŞ blokadası İranın dəniz yolu ilə neft ixracını ciddi şəkildə məhdudlaşdırıb. Buna görə Tehran neft hasilatını dayandırmamaq və ixracı tam itirməmək üçün alternativ marşrutlar axtarır.

İran Neft İxracatçıları Birliyinin sözçüsü Həmid Hüseyni bildirib ki, ölkə nefti Çinə dəmir yolu ilə göndərməyə çalışır. Bu addım Hörmüz boğazından və dəniz daşımalarından asılılığı azaltmaq məqsədi daşıyır.
 

WSJ qeyd edir ki, blokadadan əvvəl İran gündəlik 2 milyon bareldən çox neft ixrac edirdi. Blokadadan sonra isə bu göstərici təxminən 567 min barelə qədər azalıb. Nəşrin məlumatına görə, ölkənin neft anbarları sürətlə dolur və Tehran hasilatı azaltmamaq üçün istifadəsiz çənlərdən, müvəqqəti saxlama imkanlarından və quru marşrutlarından yararlanmağa məcbur qalır.


Ekspertlər bildirirlər ki, neftin dəmir yolu ilə daşınması texniki baxımdan mümkündür, lakin dəniz daşımaları ilə müqayisədə daha bahalı və səmərəsizdir. Bu marşrut iri həcmdə xam neft ixracını tam əvəz edə bilməsə də, Tehran üçün blokada şəraitində əlavə çıxış yolu kimi qiymətləndirilir.

Məlumata görə, İranın neft ehtiyatları hazırda təxminən 49 milyon barelə çatıb. Ölkənin ümumi saxlama imkanlarının 86-95 milyon barel civarında olduğu bildirilir. Anbarların dolması davam edərsə, İranın hasilatı məcburi şəkildə azaltmaq riski arta bilər.
 

“The Wall Street Journal” yazır ki, İranın əsas neft alıcısı Çin olaraq qalır. ABŞ isə İran neftinin alınmasında iştirak edən Çin şirkətlərinə və “kölgə bankçılığı” şəbəkələrinə qarşı sanksiya təzyiqini artırır. ABŞ Maliyyə Nazirliyi bu həftə İranın qlobal maliyyə sisteminə çıxışına kömək etdiyi iddia edilən 35 fiziki və hüquqi şəxsə qarşı sanksiya tətbiq edib.


Qeyd edək ki, Hörmüz boğazı dünya neft ticarəti üçün əsas marşrutlardan biridir. ABŞ blokadası və regiondakı gərginlik fonunda bu marşrutla daşımaların azalması enerji bazarlarında qiymət artımı riskini gücləndirib.



Bizim.Media

Seçilən
37
50
bizim.media

10Mənbələr