AZ

Şimali Koreya yeni esminesini sınaqdan keçirib: ABŞ gəmiləri ilə rəqabət apara bilərmi?

Şimali Koreya dünyanın ən böyük quru qoşunlarından birinə malik olsa da, ölkənin hərbi-dəniz qüvvələri heç vaxt liderlər sırasında olmayıb və hazırda dünya üzrə 23-cü yerdə qərarlaşıb...

Poliqon xəbər verir ki, Slash Gear resursunun məlumatına görə, Şimali Koreya donanmasının böyük hissəsini sahil patrul gəmiləri təşkil edir. Bununla yanaşı, ölkənin taktiki nüvə sualtı qayıqları da var. Hazırda isə dövlət donanmasını gücləndirmək məqsədilə "Ço Hyon" sinfinə aid ilk esminesini inşa edib. Eyni adlı bu gəmidən sonra ikinci gəmi – "Kan Kon" – 2025-ci ilin iyununda suya buraxılıb.

2026-cı ilin aprelində gəminin raket sınaqları başa çatıb və nəticələr onun ciddi döyüş potensialına malik olduğunu göstərib. Sınaqlar zamanı gəmidə Kim Çen In da iştirak edib.

"Ən azı kağız üzərində nümayiş etdirilən imkanlar bəzi müşahidəçiləri bu gəminin müasir Qərb esminesləri, xüsusilə ABŞ-ın "Berk" sinifli gəmiləri ilə rəqabət apara biləcəyi qənaətinə gətirib. Lakin bu cür iddialara ehtiyatla yanaşmaq lazımdır", deyə müəllif qeyd edir.

Sınaqlar zamanı gəmi üç dəfə gəmiəleyhinə raket buraxılışı həyata keçirib və iki dəfə qanadlı raketlər işə salıb. Bildirilir ki, bütün raketlər hədəfi yüksək dəqiqliklə vurub. Bu isə gəmidə müasir və inteqrasiya olunmuş silah idarəetmə sisteminin olduğunu göstərir.

Gəminin ümumi su tutumu təxminən 5 000 ton hesab olunur. Müqayisə üçün, ABŞ-ın "Berk" sinifli esmineslərinin su tutumu 8 230–9 700 ton arasında dəyişir və bu baxımdan üstünlük ABŞ tərəfinə məxsusdur.

Hər iki tərəfin əsas silahı raketlərdir. "Berk" sinifli gəmilər 96 şaquli buraxılış qurğusuna malikdir, "Ço Hyon" sinfində isə bu say 74-dür. Bununla belə, Şimali Koreya gəmilərindəki bəzi qurğular ballistik raket daşımaq üçün kifayət qədər böyükdür, halbuki ABŞ esmineslərində belə imkan yoxdur.

Şimali Koreya gəmisinin sistemləri daha çox dənizdə döyüşə yönəlib, ABŞ gəmiləri isə hava təhlükələrinə qarşı müdafiəyə üstünlük verir.

Lakin qeyd olunur ki, gəmi ilə bağlı məlumatların əksəriyyəti Şimali Koreyanın dövlət mediasından gəlir və bu səbəbdən onların etibarlılığına ehtiyatla yanaşmaq lazımdır. "Yüksək dəqiqlikli zərbələr" barədə iddiaları müstəqil şəkildə yoxlamaq çətindir. Buna görə də Şimali Koreya esmineslərinin ABŞ gəmiləri ilə rəqabət apara biləcəyi barədə fikirlər hələlik yalnız ehtimal olaraq qalır.

Poliqon.info

Seçilən
144
50
poliqon.info

10Mənbələr