Futbol üzrə Azərbaycan millisinin hücumçusu Nəriman Axundzadə ABŞ klubu “Kolumbus Kru”nun heyətində növbəti matçına çıxıb.
Arena.az xəbər verir ki, 22 yaşlı futbolçu ABŞ kubokunun 1/8 final mərhələsi çərçivəsində keçirilmiş “Noksvil”lə matçın iştirakçısı olub.
Qarşılaşmaya start heyətində başlamış forvard sonadək əvəzlənməyib. Görüş “Kolumbus Kru”nun 4:1 hesablı qələbəsi ilə yekunlaşıb. Bununla da futbolçumuzun komandası 1/4 finala vəsiqə qazanıb.
Xatırladaq ki, Nəriman Axundzadə bu ilin fevral ayında “Qarabağ”dan 2,5 milyon avro müqabilində “Kolumbus Kru”ya keçib. O, Ohayo ştatını təmsil edən klubla 3,5 illik müqaviləyə imza atıb. Azərbaycanlı futbolçu MLS klubunun heyətində 5 oyun keçirsə də, fərqlənə bilməyib.
“Qarabağ”ın yetirməsi hesab olan Nəriman Axundzadə 2023-cü ildən Ağdam klubunun əsas komandasında çıxış edirdi. Sağ cinah vingeri “Qarabağ”ın əsas komandasında 127 oyuna çıxıb. O, bu oyunlarda 35 qola imza atıb, 17 məhsuldar ötürmə müəllifi olub.
Azərbaycanın U-19 və U-21 yığmalarında da forma geyinmiş hücumçu 2023-cü ildə əsas millimizdə debüt edib. O, Azərbaycan yığmasının heyətində keçirdiyi 13 oyunda məhsuldar fəaliyyəti ilə diqqət çəkməyib.
