Bakı Təşəbbüs Qrupunun təşkilatçılığı ilə “Post-kolonial dövrdə gənclərin rolunun gücləndirilməsi” adlı beynəlxalq Gənclər Forumunun iştirakçıları ADA universiteti, Asan Xidmət və Dost Mərkəzinə tanışlıq səfəri ediblər.
Aznews.az xəbər verir ki, forumun iştirakçıları sözügedən qurumların fəaliyyəti ilə tanış olublar.
İki gün davam edəcək tədbirdə iştirak edən gənclər kolonializm və neokolonializmin müasir fəsadlarına qarşı mübarizədə gənclərin beynəlxalq həmrəylik şəbəkəsinin və əməkdaşlıq platformasının qurulması, ortaq məqsədlər ətrafında daha sistemli və effektiv beynəlxalq əməkdaşlıq mexanizmlərinin işlənib hazırlanması istiqamətində fikir mübadiləsi aparacaq.
Forumda ilk dəfə olaraq indiki və keçmiş müstəmləkələri təmsil edən gənc diplomatlar, tədqiqatçılar, beynəlxalq hüquq sahəsində ixtisaslaşmış şəxslər, səhiyyə sahəsi üzrə mütəxəssislər, müstəqillik tərəfdarı olan siyasi partiyaların və təşkilatların nümayəndələri, gənclər təşkilatlarının rəhbərləri və universitet tələbələri iştirak edəcək.