
İsrail Müdafiə Nazirliyi ABŞ-dan "F-35I" və "F-15I" modellərindən ibarət iki yeni qırıcı təyyarə eskadronunun alınmasını təsdiqlədiyini açıqlayıb.
AFN.az xəbər verir ki, nazirlikdən verilən bəyanatda ABŞ ilə birlikdə İrana qarşı başladılan müharibədən çıxarılan dərslərdən sonra iki yeni döyüş təyyarəsi eskadronunun tədarük edilməsi planının təsdiq edildiyi bildirilib.
Açıqlamada "Lockheed Martin" şirkətindən dördüncü "F-35I" və "Boeing" şirkətindən ikinci "F-15IA" eskadronunun alınmasının qərara alındığı qeyd olunub. Bu satınalmaların Baş nazir Benyamin Netanyahu və Müdafiə naziri İsrail Kats tərəfindən daha əvvəl təsdiqlənən, növbəti 10 ili əhatə edən 350 milyard İsrail şekeli dəyərindəki qüvvələrin qurulması planı çərçivəsində olduğu ifadə edilib. Razılaşmaya bütün donanmanın İsrail ordusuna inteqrasiyası, hərtərəfli texniki xidmət, ehtiyat hissələrinin təmini və logistik dəstək daxildir.
Müdafiə Nazirliyinin Baş direktoru Amir Baramın yaxın günlərdə ABŞ hökuməti ilə müqavilənin yekunlaşdırılması üçün nazirliyin Vaşinqtondakı missiyasına hazırlıq tapşırığı verdiyi bildirilib. Beləliklə, növbəti illərdə İsrail ordusunun "F-35I" donanmasındakı təyyarələrin sayı 100-ə, "F-15I" donanmasındakı təyyarələrin sayı isə 50-yə yüksələcək. Hazırda İsrail ordusunun inventarında "Lockheed Martin" tərəfindən yalnız bu ölkə üçün istehsal edilmiş 48 ədəd "F-35I" qırıcısı mövcuddur.