AZ

Bir qəbirdə 2 meyit: “Öldükdən sonra bu məsələ hüquqi çərçivədən çıxır”

“Ümumiyyətlə, İslam юəriətində qəbirin açılması qadağandır. Lakin bəzi istisna hallar var. Məsələn, məhkəmə prosesi ilə bağlı cəsəd yoxlanmalıdırsa və ya qəbrin olduğu həmin ərazidə yol çəkilməsi kimi hallar yaranarsa, yaxud başqasına məxsus ərazidə basdırılarsa, o halda qəbiri açmaq olar”.

Bunu “Yeni Sabah”a islamşünas Fərid Abdullah bildirib.

Onun sözlərinə görə, eyni qəbirdə ikinci şəxsin dəfn olunmasına gəlincə, məzarda başqa meyitin qalmadığına əminlik mövcud olmalıdır:

“Yəni üstündən uzun illər keçməli və ölünün qəbirdə yalnız sümüklərinin qalmalıdır. Bu zman həmin məzarı açmaq və başqasını dəfn etmək olar. Bundan başqa ola bilər ki, vəfat edən adam üçün dəfn üçün başqa yer yoxdur və ya kimsə öz atası, ya anası ilə bir qəbirdə basdırılmaq istəyir. O zaman yenə diqqət yetirilməlidir ki, aradan təxminən 40-50 il vaxt keçmiş olsun.

Bəzən yenicə vəfat etmiş birinin də məzarını açıb üstündə kimisə basdırırlar. Bu, düzgün deyil. Ona görə də tövsiyyə olunur ki, bir qəbirdə başqa şəxs basdırılmasın”.

F.Abdulla qeyd edib ki, “əgər iki insan eyni vaxtda vəfat edibsə, hər kəs üçün bir qəbir qazılmalıdır” fikri yalnışdır:

“Belə bir şey mümkündür. Kütləvi ölüm hallarında xəndəklər qazılıb bir neçə insanı yan-yana basdırılır. Amma yanaşı basdırılanlar arasında mütləq şəkildə hər bir ölünün arasına daş qoymaq, beton tökmək qaydası yoxdur. Bu, zərurət deyil. Zərurət yalnız meyitə qüsul verilməsi, kəfənlənməsi, cənazə namazının qılınmasıdır. Yəni ər-arvadı, ata-balanı bir məzarda dəfn etmək mümkündür. Yan-yana da olsa, birlikdə də olsa, bu, haram deyil.

İnsan vəfat edirsə, onun ehtiramı ikiqat artır. Çünki insan öldükdən sonra özünə cavabdeh olmur. Əsas olan odur ki, meyitə hörmətsizlik sayılacaq bir şey etməyəsən”.

İslamşünas bildirib ki, kütləvi ölüm halları baş verərkən meyitlər bir ərazidə yan-yana dəfn olunur:

“Dünya praktikasında zəlzələlər, xəstəliklər kimi kütləvi ölüm halları ilə rastlaşırıq. Orada görürük ki, geniş ərazidə yer qazıb meyitləri yan-yana dəfn edirlər.

Meyitlə bağlı məhrəm və naməhrəm məsələlər də yalnız qüsul verilərkən nəzərə alınır. Məsələn, adətən, deyilir ki, kişi kişini yumalıdır, qadın da qadını. Əlbəttə, insan öldükdən sonra bu kimi məslələr hüquqi çərçivədən çıxır. Lakin qəbul olunan budur. Bir insana qüsul verərkən əsas diqqət yetirilməli məqam odur ki, meyitin ayıb yerinə baxmaq olmaz. Sağlığında da belədir, öləndə də belə olmalıdır. Ona görə meyiti yuyularkən üzərinə parça atılır. Bəzən deyirlər ki, ər xanımına qüsl verə bilərmi? Buna zərurət yoxdursa, həmcinsi etməlidir. Yox, başqası bunu bacarmırsa, edə bilər”.

Qeyd edək ki, Əməkdar artist Dilarə Əliyevanın qızı Banu bir neçə gün öncə efirdə “Vəsiyyət etmişəm məni atamın qəbrində basdırsınlar” fikrini səsləndirib. Onun bu çıxışı sosial mediada müzakirələrə səbəb olub.

Aydan Hacı 


Telegram kanalımız
Seçilən
13
50
yenisabah.az

10Mənbələr