AZ

Enerji sektoru üzrə əlavə gəlirlər Azərbaycanın ehtiyatlarının möhkəmlənməsinə töhfə verə bilər - Beynəlxalq Valyuta Fondu - MÜSAHİBƏ

Yaxın Şərqdəki geosiyasi vəziyyət fonunda enerji sektorunda gəlirlərin artımından əldə olunan faydalar Azərbaycan tərəfindən maliyyə ehtiyatlarının formalaşdırılmasına yönəldilməlidir.

Day.Az xəbər verir ki, bunu Trend-ə verdiyi özəl müsahibədə Beynəlxalq Valyutda Fondunun (BVF) Yaxın Şərq və Mərkəzi Asiya departamentinin direktoru Cihad Azur bildirib.

"Azərbaycanla Mərkəzi Asiya və Qafqazın digər ölkələri arasındakı fərq ondadır ki, Azərbaycan neft ixrac edən, eyni zamanda neft və qaz istehsal edən ölkədir. Buna görə də neft və qaz qiymətlərinin artması regionun bir sıra digər ölkələrindən fərqli olaraq Azərbaycan üçün müsbət amildir. Bu, qısamüddətli perspektivdə ölkə iqtisadiyyatına əlverişli təsir göstərən müsbət hallardan biridir. Şübhəsiz ki, belə gözlənilməz əlavə gəlirlər əldə edilərkən ayıq-sayıq olmaq, onları davamlı və uzunmüddətli gəlir artımı kimi qəbul etməmək və müvafiq olaraq bu fürsətdən ehtiyatların formalaşdırılması üçün istifadə etmək vacibdir", -deyə o qeyd edib.

Azur xatırladıb ki, Azərbaycan münaqişə zonasına çox yaxın yerləşir və buna görə də yüksək diqqəti qoruyub saxlamalıdır.

"Bir daha vurğulayıram, risklərə qarşı ayıq-sayıqlığı qorumaq və onların azaldılması üçün qabaqlayıcı tədbirlər görmək son dərəcə vacibdir ki, münaqişə zonasına yaxınlıqla bağlı risk mükafatının mümkün artımı məhdudlaşdırılsın. Bu, əlverişsiz xarici mühit şəraitində müəyyən üstünlüklər əldə edən ölkələrə hər zaman kömək edir. Bu vəziyyəti dayanıqlığın artırılması üçün imkan kimi qiymətləndirmək vacibdir. Dayanıqlığın formalaşdırılması bir tərəfdən ayıq-sayıqlıq, digər tərəfdən isə resurslardan səmərəli istifadə tələb edir. İkinci mühüm məqam ondan ibarətdir ki, Azərbaycan bərpa, institutların gücləndirilməsi, eləcə də xərclərin və investisiyaların idarə olunmasının keyfiyyətinin qiymətləndirilməsi ilə bağlı genişmiqyaslı investisiya layihələri həyata keçirir. Xərclərin həcmini nəzərə alaraq bu amillər xüsusi əhəmiyyət daşıyır. Buna görə də maliyyə sisteminin investisiyaların və mürəkkəb dövlət xərclərinin idarə olunması imkanlarının gücləndirilməsi olduqca vacibdir", - deyə o vurğulayıb.

Onun fikrincə, üçüncü istiqamət olaraq mərkəzi bank səviyyəsində pul-kredit siyasətinin mexanizmlərinin və onun transmissiyasının təkmilləşdirilməsi, xüsusilə inflyasiyanın risk yarada biləcəyi şəraitdə, mühüm əhəmiyyət kəsb edir.

"Bu, dəqiq tənzimlənmiş siyasətə malik institutların mövcudluğunu tələb edir. Buraya mərkəzi bankın institusional bazasının gücləndirilməsi, onun potensialının artırılması, pul-kredit siyasəti üzrə qərarların kommunikasiyasının yaxşılaşdırılması, həmçinin mərkəzi bankın maliyyə sisteminə nəzarət imkanlarının gücləndirilməsi daxildir. Nəhayət, regional inteqrasiyanın yaratdığı imkanlardan faydalanmaq üçün struktur islahatların aparılması zəruridir. BVF Azərbaycanın məsləhətçisi və tərəfdaşı kimi qismində çıxış edir və bu struktur islahatların sürətləndirilməsində ona köməklik göstərir", - deyə o əlavə edib.

O, pul-kredit siyasəti üzrə qərarların aydın şəkildə kommunikasiyasının təmin edilməsinin və statistikanın keyfiyyətinin artırılmasının vacibliyini vurğulayıb.

"Maliyyə sektoruna nəzarət baxımından, mərkəzi bankın və aidiyyəti qurumların maliyyə sabitliyini qorumaq üçün kifayət qədər resurs və imkanlara malik olduğuna əmin olmaq vacibdir. Ümumilikdə,məhz bu cür islahatlar hazırda ölkələr üçün zəruridir. Şübhəsiz ki, dünyada yüksək volatillik şəraitində orta müddətli planlaşdırma və iqtisadi göstəricilərin proqnozlaşdırılmasında mühafizəkar yanaşmaya riayət etmək son dərəcə vacibdir.

Əvvəla, qeyri-müəyyənlik səviyyəsi hələ də olduqca yüksəkdir. Müharibənin başlanmasından cəmi iki ay keçməsinə baxmayaraq, o artıq regiona, ilk növbədə Fars körfəzi ölkələrinə və ondan kənara ciddi iqtisadi təsir göstərib. Qlobal səviyyədə neft və qazın, eləcə də törəmə məhsulların - o cümlədən kimya məhsullarının - qiymətlərinin artması qiymət sabitliyi üçün yeni çağırışlar yaradır. Bu isə mövcud təzyiqləri daha da gücləndirir.

Yüksək qeyri-müəyyənlik şəraitində ölkələrin ayıq-sayıqlığı qoruması son dərəcə vacibdir. Münaqişə zonasından kənarda olanlar əldə etdikləri əlavə gəlirləri davamlı gəlir mənbəyi kimi deyil, müvəqqəti amil kimi qiymətləndirməlidirlər. Məhz buna görə resursların səriştəli şəkildə idarə olunması, ehtiyatların formalaşdırılması və tədbirliliyin qorunması xüsusi önəm daşıyır", - deyə BVF departamentinin direktoru bildirib.

Onun sözlərinə görə, eyni zamanda qarşılıqlı əlaqəliliyin artırılması üçün mühüm imkanlar açılır.

"Biz artıq bu istiqamətdə Mərkəzi Asiya və Qafqaz ölkələri, eləcə də Yaxın Şərq, xüsusilə Fars körfəzi dövlətləri arasında iş aparmışıq. Risklərdən yan keçmək məqsədilə investisiyalar, ticarət və nəqliyyat-iqtisadi əlaqələrin gücləndirilməsi üçün imkanlar mövcuddur", - deyə o əlavə edib.

Azur, həmçinin geosiyasi qeyri-müəyyənliyin güclənməsi fonunda Orta Dəhlizin əhəmiyyətinin artdığını qeyd edib.

"Son hadisələrlə bağlı geosiyasi risklər qlobal ticarət üçün alternativ marşrutların axtarışında daha böyük çeviklik tələb edir. Buna görə də bu, mövcud marşrutları əvəz etməyən, əksinə onları tamamlayan və müxtəlif regionlar arasında malların daşınmasının çevikliyini və səmərəliliyini artıran bir marşrutu dünyaya təqdim etmək imkanı kimi qiymətləndirilməlidir.

Lakin bunun üçün yalnız infrastruktur deyil, həm də mühüm elementlərin - institutlar və gömrük orqanları arasında əlaqələndirmənin gücləndirilməsi, gömrük prosedurlarının sadələşdirilməsi, qlobal mühitdə fəaliyyət göstərən özəl sektor üçün daha çevik şərtlərin təmin edilməsi, tranzit və logistikanın idarə olunmasının səmərəliliyinin artırılması kimi istiqamətlərin inkişaf etdirilməsi vacibdir. Bütün bunlar xərclərin və daşınma müddətlərinin azaldılmasına, həmçinin ticarətin proqnozlaşdırıla bilmə səviyyəsinin artırılmasına imkan verir. Bu potensialın tam reallaşdırılması üçün həmin islahatlar zəruridir", - deyə o bildirib.

Azurun sözlərinə görə, ikinci prioritet maliyyə sektorunda daha sıx əlaqələndirmə və əməliyyatların standartlaşdırılması hesabına maliyyə bazarlarının dərinləşdirilməsidir.

"Bu, daha inkişaf etmiş bazarın formalaşmasına, onun miqyasının genişlənməsinə və kapitalın daha sərbəst hərəkətinə şərait yaradacaq. Bütün bunlar Orta Dəhliz kimi imkanların rəqabət qabiliyyətini artıran əsas elementlərdir və onu mallar, insanlar və xidmətlər üçün alternativ ticarət marşrutuna çevirir",- deyə o əlavə edib.

O, həmçinin Cənubi Qafqaz və Mərkəzi Asiyada regional vəziyyətə toxunaraq ayıq-sayıqlığın qorunmasının vacibliyini qeyd edib.

"Region ölkələri son dövrlərdə yaxşı iqtisadi artım və göstəricilər nümayiş etdirirlər. İlk tövsiyə ayıq-sayıqlığı itirməməkdir, çünki biz daimi şoklara məruz qalan dünyada yaşayırıq. Buna görə maliyyə ehtiyatlarının maksimum səviyyədə qorunması son dərəcə vacibdir.

Eyni zamanda neft və qaz qiymətlərinin yüksək volatilliyi şəraitində yaşayırıq və buna görə qiymət piklərindən həddindən artıq asılılığın qarşısını almaq üçün həmişə qabaqcadan planlaşdırmaq vacibdir. Orta müddətli büdcə çərçivələrinin hazırlanması, fiskal institutların gücləndirilməsi, investorlar, bazarlar və vətəndaşlar üçün proqnozlaşdırıla bilənliyin təmin edilməsi - bütün bunlar büdcə siyasəti baxımından böyük önəm kəsb edir.

Əsasən də kapital xərclərini artıran ölkə üçün investisiyaların idarə olunması üzrə şəffaf sistemin qurulması etimadı gücləndirir və riskləri azaldır, ələlxüsus dövlət-özəl tərəfdaşlığı mexanizmlərindən istifadə halları zamanı. Buna görə institusional islahatlar, eləcə də orta müddətli planlaşdırma böyük əhəmiyyət kəsb edir. Fiskal sahədə də enerji sektorundan kənarda gəlirlərin şaxələndirilməsi vacibdir", - deyə o bildirib.

Azur hesab edir ki, xərclər baxımından avtomatik stabilizatorların (iqtisadi şokları yumşaldan mexanizmlərin) gücləndirilməsinə, eləcə də həssas əhali qruplarının dəstəklənməsi üçün transfert və xərclərin daha dəqiq hədəflənməsinə daha çox diqqət yetirilməlidir: "Bunlar fiskal siyasətin əsas vəzifələridir".

Bundan əlavə, onun sözlərinə görə, yüksək qeyri-müəyyənlik şəraitində pul-kredit səviyyəsində hədəflərin dəqiq müəyyən edilməsi vacibdir və bu hədəflər inflyasiyanın idarə olunmasına və inflyasiya risklərinin azaldılmasına yönəlməlidir, ələlxüsus da qiymətlərin neft şoklarının təsiri ilə arta biləcəyi şəraitdə.

Azur əlavə edib ki, texniki yardım BVF-nin region ölkələrinə göstərdiyi dəstəyin əsas istiqamətlərindən biridir. Bu ölkələr bəzən maliyyələşməyə ehtiyac duymasa da, islahatlar və keçid proseslərinin idarə olunması mərhələsində olurlar.

"Bu məqsədlə BVF ölkələrə daha yaxın olmaq üçün regional mərkəz yaradıb və regionda transformasiya proseslərini dəstəkləmək üçün texniki yardımı genişləndirib. Son üç ildə region kifayət qədər yaxşı artım templəri və dayanıqlı iqtisadi göstəricilər nümayiş etdirib, eyni zamanda xarici şoklardan yalnız məhdud dərəcədə təsirlənib. İndi isə geosiyasi və geoiqtisadi vəziyyətin yaxşılaşması fonunda Orta Dəhliz vasitəsilə əlaqələndirici rol oynamaq və inteqrasiyanı dərinləşdirmək üçün imkan yaranır.

Bunun üçün hökumətlər islahatlar həyata keçirməlidirlər - həm mərkəzi banklar və fiskal siyasət səviyyəsində, həm də statistika sahəsində. Məhz bu istiqamətlərə BVF fəal cəlb olunub. Fond həmçinin daha bir mühüm məsələyə - regionun bütün dövlət qurumlarını bir araya gətirən meydançanın yaradılmasına diqqət ayırır. Hər il mərkəzimizdə BVF tərəfindən əlaqələndirilən - hakimiyyət orqanları arasında uzlaşmanı gücləndirmək və region ölkələri arasında əməkdaşlığı möhkəmləndirmək məqsədi daşıyan regional dialoqlar keçirilir", - deyə o yekunlaşdırıb.

Seçilən
22
50
day.az

10Mənbələr