Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev Nurəli Adil oğlu Yusifbəylinin Sumqayıt Dövlət Universitetinin rektoru təyin edilməsi ilə bağlı sərəncam imzalayıb.
Publika.az xəbər verir ki, N.Yusifbəyli 28 mart 1963-cü ildə anadan olub.
O 1980-ci ildə Kiyev Politexnik İnstitutunun (hazırda Kiyev Texniki Akademiyasının) Elektroenergetika fakültəsinin əyani şöbəsinə daxil olmuş, 1986-cı ildə həmin institutu "Elektrik Sistemlərinin Kibernetikası" ixtisası üzrə bitirmişdir.
1986–1989-cu illərdə Sumqayıt 1 saylı İstilik Enerji Mərkəzində elektrik montyoru, elektrik sexinin və elektrik stansiyanın növbə rəisi vəzifələrində, 1989–1993-cü illərdə "Azərenerji" Dövlət Şirkətində Dispetçer, Böyük Dispetçer vəzifələrində çalışmışdır. 1993–2001-ci illərdə "Azərenerji" ASC Mərkəzi Dispetçer Xidmətinin rəisi, Baş dispetçer, Baş mühəndisin müavini vəzifələrində, 2001–2002-ci illərdə "Azərenerji" ASC "Enerjinin ötürülməsi" İstehsalat Birliyinin Baş Direktorunun müavini vəzifəsində çalışmışdır. 2002–2009-cu illərdə "Azərenerji" ASC Mərkəzi Dispetçer İdarəsinin rəisi, 2009–2012-ci illərdə "Azərenerji" ASC "Azərbaycan Elmi–Tədqiqat və Layihə Axtarış Energetika İnstitutu"nun direktoru vəzifələrində çalışmışdır. Bu müddət ərzində Azərbaycan Respublikası Prezidenti yanında AAK-ın "05.14.02 – Elektrik stansiyaları və elektroenergetika sistemləri" ixtisası üzrə İxtisaslaşdırılmış Dissertasiya Şurasının Sədri olmuşdur.
Bundan başqa, 2012-ci ildən Azərbaycan Respublikası İqtisadiyat və Sənaye Nazirliyinin baş məsləhətçisi, nazirin müşaviri, 2014-cü ildən Azərbaycan Respublikası İqtisadiyyat və Sənaye Nazirliyinin Strateji planlaşdırma şöbəsinin müdiri vəzifələrində çalışmışdır.