AZ

Rusiya Qələbə Gününü qeyd etmək üçün 8 və 9 may tarixlərində Ukrayna ilə atəşkəs elan edib

Ukrayna mayın 6-dan hərbi əməliyyatları dayandırır

Rusiya sovet xalqının Böyük Vətən Müharibəsindəki qələbəsini qeyd etmək üçün 8 və 9 may tarixlərində atəşkəs elan edib. Ölkənin Müdafiə Nazirliyi bu qərarın  Rusiya Silahlı Qüvvələrinin Ali Baş Komandanı Vladimir Putin tərəfindən verildiyini açıqlayıb.

"Ümid edirik ki, Ukrayna tərəfi bizim nümunəmizə qoşulacaq", - deyə müdafiə nazirliyindən bildirilib.

Bu məlumata görə, bayram tədbirlərinin təhlükəsizliyini təmin etmək üçün bütün lazımi tədbirlər görüləcək.

Öz növbəsində, Ukrayna 6 may gecə yarısından Rusiya ilə atəşkəs elan edəcək. Bu barədə məlumatı Ukrayna Prezidenti Volodimir Zelenski açıqlayıb.

Dövlət başçısı bunu Telegram kanalında yazıb.

"Biz inanırıq ki, insan həyatı istənilən ildönümü qeyd etməkdən müqayisəolunmaz dərəcədə daha dəyərlidir. Bu baxımdan, mayın 5-dən mayın 6-na keçən gecə yarısından başlayaraq atəşkəs elan edirik", - deyə  Prezident qeyd  edib.

V. Zelenskinin dediyinə görə, Kiyev atəşkəsin şərtləri ilə bağlı Moskvadan heç bir rəsmi sorğu almayıb.

Xatırladaq ki, bu açıqlamadan əvvəl Ukrayna lideri mayın 9-da Moskvada keçiriləcək Qələbə Günü paradına hücum etməklə hədələmişdi. O əlavə etmişdi ki, Ukrayna dronları da Qələbə Günü paradında “iştirak edə bilər”.

Rizvan CƏFƏROV,

“Azərbaycan”

Seçilən
25
50
azerbaijan-news.az

10Mənbələr