AZ

Kirill Budanov: Ukrayna Rusiya ilə atəşkəs istəyir

Kiyev, 5 may, AZƏRTAC

Ukrayna insanların həyatını qorumaq və təhlükəsizliyi bərpa etmək üçün Rusiya ilə atəşkəs istəyir. Əgər atəşkəs qarşılıqlı olarsa, uzadıla bilər.

AZƏRTAC xəbər verir ki, bu barədə Ukrayna Prezidentinin Aparatının rəhbəri Kirill Budanov Telegramda bildirib.

O deyib ki, rəsmi Kiyevin təklif etdiyi atəşkəs Ukraynanın sülhün bərqərar olmasına dair səmimi istəyindən xəbər verir.

“Konkret bir tarixlə bağlı deyil, həyatların qorunması və təhlükəsizlik naminə. Əgər Prezidentin elan etdiyi atəşkəs qarşılıqlı olarsa, biz onu davam etdirəcəyik və bu, kiçik olsa belə, bizə davamlı sülhün bərqərar olmasına ümid verəcək”, - deyə o vurğulayıb.

Kirill Budanovun fikrincə, Ukrayna Prezidenti Volodimir Zelenski bu addımla bütün dünyaya müharibəyə son qoymağa sadiqliyini sübut edib. Növbəti addımı isə Rusiya atmalıdır:”Rəsmi Moskva insan həyatının onun üçün hər hansı bir dəyərinin olduğunu sübut etməyə hazırdırmı? Biz Moskvanın hər bir addımını diqqətlə izləyirik və hadisələrin istənilən inkişafına hazırıq”.

Xatırladaq ki, Rusiyanın Müdafiə Nazirliyi Prezident Vladimir Putinin Qələbə Günü münasibətilə mayın 8-ni və 9-unu Ukrayna ilə atəşkəs barədə əmr verdiyini açıqlayıb. Bu addım Ukrayna ilə koordinasiya edilmədən atılıb. Bununla yanaşı, bayram tədbiri hücumlarla pozulacağı təqdirdə, Kiyevin mərkəzinə raket zərbəsinin endiriləcəyi diqqətə çatdırılıb. Ukrayna Prezidenti Volodimir Zelenski “Telegram” səhifəsində mayın 5-dən 6-na keçən gecə 00:00-dan atəşkəs elan edildiyini bildirib.

Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev
Seçilən
11
50
azertag.az

10Mənbələr