ain.az, Xalq qazeti portalına istinadən məlumatı açıqlayır.
Brüssel və İrəvan regional inkişafı Bakısız görmür, amma...
Dünən İrəvanda keçirilmiş Ermənistan– Avropa İttifaqı sammitinin yekunlarına əsasən Birgə Bəyannamə imzalanıb. Sənəddən gəlinən ümumi nəticə onu deməyə əsas verir ki, “köhnə qitə” Ermənistanı tamamilə himayəsi altına alır. Yəni əvvəlki himayəçilik hazırda daha geniş məzmuna köklənməklə, yeni trayektoriya qazanır. Əlbəttə, sözdə dəstək ayrı, əməldə ayrı. Ümid edək ki, Ermənistan- Avropa İttifaqı Birgə Bəyannaməsi əməldə də konkret, ən başlıcası, faydalı nəticələr verəcək.
Bəli, haqqında söz açdığımız sənəddə bir çox mətləblərdən söz açılır. O mətləblər ki, Ermənistanı və bütövlükdə, Cənubi Qafqazı nəinki inkişafa daşımalı, eyni zamanda, tam yeni tərəqqi yoluna çıxarmalıdır. Bu mənada, bir neçə məqamın üzərində dayanmağı vacib sayırıq. Söhbət bir-biri ilə əlaqəli olan və həm də Azərbaycanla bağlı məqamlardan gedir. Hərçənd, şübhələr və belə demək mümkünsə, müəmmalı nüanslar var və onları da diqqətə çatdıracağıq.
Beləliklə, Birgə Bəyannamədə Ermənistana ən müxtəlif dəstək mətləbləri ilə yanaşı, o da vurğulanır ki, ölkə və Aİ ümumi siyasi dəyərlərə və beynəlxalq hüquqa, BMT Nizamnaməsinə və qaydalarına əsaslanan beynəlxalq nizama birgə sadiqlik ruhunu daşıyır: “Biz suverenlik və ərazi bütövlüyünün fundamental prinsiplərini təsdiqləyirik. İkitərəfli münasibətlərimizin dərinləşdirilməsi Cənubi Qafqazda və onun hüdudlarından kənarda sülhə, sabitliyə və rifaha töhfə verir”.
Sülhə, sabitliyə və rifaha töhfə baxımından Bəyannamədəki diqqətçəkən məqam Ermənistan və Azərbaycan arasındakı barışdır. Sənəddə barışın daha da institusionallaşdırılmasına, yekun sazişinin imzalanmasının və ratifikasiyasının təmin edilməsinə yönəlmiş səylər yüksək dəyər qazanır: “Həmçinin 8 avqust 2025-ci il tarixində keçirilmiş Vaşinqton sammitinin nəticələrini və Ermənistan ilə Azərbaycan arasında münasibətlərin tənzimlənməsinə yönəlmiş sonrakı addımları da yüksək dəyərləndiririk”.
Bundan əlavə, Birgə Bəyannamədə bildirilir ki, Avropa İttifaqı Ermənistan ilə Türkiyə arasında münasibətlərin normallaşdırılmasını, region ölkələrinin suverenliyi və ərazi bütövlüyü prinsiplərinə, sərhədlərin toxunulmazlığına və qarşılıqlılığa əsaslanan bütün regional kommunikasiyaların inklüziv şəkildə açılmasını tam dəstəkləyir. Belə bir dəstəyin ifadə olunması isə özlüyündə müsbət haldır.
Ancaq sənəddəki “Biz Avropa İttifaqının Ermənistandakı missiyasının Cənubi Qafqazda sülh və sabitliyin təşviqinə verdiyi töhfəni yüksək qiymətləndiririk” fikri ümumi kontekstə sığmır. Çünki EUMA adlandırılan missiyasının sülh prosesinə heç bir aidiyyəti yoxdur və olmayıb. Ümumən, qurumun konkret nə işlə məşğul olduğu anlaşılmır. Yəni yaxşı olar ki, “köhnə qitə”dəkilər Ermənistanla münasibətlər zəminində konkret məqamların üzərində dayansınlar.
Bilavasitə EUMA-ya gəlincə, prinsip etibarilə, qurumun tamamilə ləğvi lazımdır. Axı keçmiş unudulmur. Çünki Aİ-nin müşahidə missiyasını ATƏT-in artıq canını tapşırmış Minsk qrupuna bənzər təsisata çevirmək planları olub. Deməli, Azərbaycanla Ermənistan arasında hansısa formada münaqişə və ya anlaşılmazlıq məntiqini vurğulayan heç bir kənar təsisata meydan tanınmamalıdır. EUMA-ya ona görə ehtiyac yoxdur ki, Bakının və İrəvanın sülhə nail olduğu Aİ-nin özü tərəfindən də qəbul edilir. Hazırda bu quruma həm də o səbəbdən ehtiyac duyulmur ki, indi ziddiyyətlərdən və şübhələrdən kənar dayanmağın, səmimi münasibət və yanaşmaların zamanıdır.
***
Növbəti məqama diqqət yetirək. Birgə Bəyannamədə bildirilir ki, tərəflər Ermənistan–Aİ qarşılıqlı əlaqəlilik tərəfdaşlığını alqışlayır və onun üç əsas istiqamətinin – nəqliyyat, enerji və rəqəmsal sahələrin strateji əhəmiyyətini vurğulayırlar: “Eyni zamanda, insanlararası əlaqələri gücləndirən təşəbbüsləri də önə çəkirik; bu təşəbbüslər qarşılıqlı anlaşmanı, cəmiyyətlərin dayanıqlılığını və Avropanın ideyalar, istedadlar və investisiyalar şəbəkələri ilə əlaqələri möhkəmləndirir və Ermənistan–Aİ tərəfdaşlıq gündəliyinin daha da inkişafına xidmət edir”.
Birgə Bəyannamədə yuxarıda qeyd etdiyimiz kontekstdə və Aİ-nin regionlararası əlaqəlilik gündəliyi çərçivəsində, Ermənistanın inklüziv dayanıqlılığının yaxşılaşdırılmasına yönəlmiş təşəbbüslərinin alqışlandığı açıqlanır və bildirilir ki, bu təşəbbüslər suverenlik, yurisdiksiya, bərabərlik, qarşılıqlılıq prinsiplərinə əsaslanır və Aİ “Sülh kəsişməsi” layihəsinə dəstəyini bir daha təsdiqləyir. Həmçinin “bu ortaq baxış Qara dənizdə, Cənubi Qafqazda və Mərkəzi Asiyada sülhün, sabitliyin və əlaqəliliyin təşviqinə, eyni zamanda, insanlar arasında əlaqələrin gücləndirilməsinə xidmət edir”. Ən başlıcası isə “bu baxımdan, “Beynəlxalq sülh və rifah naminə Tramp Marşrutu” (TRIPP) proqramının həyata keçirilməsində irəliləyiş əsas amil kimi qiymətləndirilir və bu, sabit, təhlükəsiz və region üzrə inklüziv əlaqəliliyin inkişafına töhfə verir”.
Göründüyü kimi, regionun əsas və hərəkətverici inkişaf kazusunun TRIPP olduğu vurğulanır. Amma diqqətçəkən məqam TRIPP-ə rəsmi İrəvanın “Sülh kəsişməsi” və ya “Dünyanın kəsişməsi” pəncərəsindən baxışdır. Məlum olduğu kimi, “Dünyanın kəsişməsi” 2025-ci ilədək rəsmi İrəvanın Azərbaycanın “Zəngəzur dəhlizi” ideyasına alternativ kimi irəli sürdüyü, əslində isə ideyanı sıradan çıxarmaq məqsədilə ortaya atdığı layihə idi. Hazırda Aİ Ermənistanla Birgə Bəyannamədə “Sülh kəsişməsi” üzərinə siyasi sərmayə yatırmaqla, erməni iqtidarına dəstəyini göstərir.
Əlbəttə, daha yaxşı olardı ki, vurğu birbaşa TRIPP üzərinə qoyulardı, “Dünyanın kəsişməsi” məntiqi ortaya atılmazdı. Çünki söhbət bütövlükdə regionun inkişafı mənzərəsinin təmin edilməsindən gedirsə və Ermənistanla bağlı imzalanmış sənəddə Azərbaycanın da adı çəkilirsə və deməli, inkişafda ölkəmizin rol oynadığı vurğulanıb qəbul edilirsə, “Sülh kəsişməsi” kimi, rəsmi Bakının “Zəngəzur dəhlizi” məntiqinə də yer verilməliydi. Amma verilmir.
Sonda onu da deyək ki, hər nə qədər Ermənistana açıq dəstəyin ifadə olunmasına baxmayaraq, Aİ-nin bu ölkə ilə Birgə Bəyannaməsində əksini tapan məqamları, ümumən, müsbət qiymətləndirmək mümkündür. Bizim üçün ən vacib isə bildirdiyimiz kimi, Azərbaycanın regional inkişafdakı hərəkətverici missiyasının vurğulanmasıdır. Nəzərə alaq ki, bu vurğulanmada ölkəmizin regional aktor obrazı dolğunluğu ilə əksini tapır.
C.ƏVƏZXQ
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.