Rusiya hökuməti Dövlət Dumasına Rusiya vətəndaşlığını almaq üçün dövlət rüsumunun artırılması ilə bağlı qanun layihəsi təqdim edib.
Bu barədə “RİA Novosti” məlumat yayıb. Məlumata görə, Rusiyada vətəndaşlığın qəbulu və imtinası üçün dövlət rüsumu 50 min rubl (1126 manat) təşkil edəcək.
Az öncə Dumaya miqrantlarla bağlı daha sərt qanun layihəsi təqdim olunmuşdu.
Rusiyada əhali sayı ilə bağlı (demoqrafiya) ciddi problem yaşandığı halda, üstəgəl, Ukraynada müharibənin davam etməsi fonunda vətəndaşlıq almaq niyə çətinləşdirilir? Əksinə olmalı deyil?

Sabiq deputat, tanınmış hüquqşünas Qulamhüseyn Əlibəyli Musavat.com-a bildirdi ki, Rusiya hökumətinin Dövlət Dumasına təqdim etdiyi qanun layihəsi təkcə Rusiya vətəndaşlığını almaq üçün dövlət rüsumunun artırılmasını deyil, həm də daimi və müvəqqəti yaşamaq üçün müvafiq sənədlərin verilməsinə görə rüsumların artırılmasını nəzərdə tutur: “Bu məsələyə ilk növbədə Rusiya hakimiyyətinin həyata keçirdiyi miqrasiya siyasəti kontekstində baxmaq lazımdır. Rusiya hakimiyyəti həqiqətən də son illərdə bütövlükdə miqrasiya məsələlərinin həllini, o cümlədən Rusiya vətəndaşlığının əldə olunması şərtlərini və qaydalarını tədricən çətinləşdirir. Bir müddət bundan əvvəl əmək miqrantlarına rəsmi münasibət xeyli sərtləşdirildi – miqrantların qeydiyyatı, yaşamaq və əmək fəaliyyətinə icazə qaydalarının çətinləşdirildi, ayrı-ayrı sahələrdə işləmək hüquqları məhdudlaşdırıldı.
Məlumdur ki, Rusiya əhalisinin ümumi demoqrafik azalması prosesi gedir. Rusiya-Ukrayna müharibəsi bu prosesi daha da sürətləndirdi. Ölkə iqtisadiyyatı ciddi işçi qüvvəsi çatışmazlığı ilə üzləşir. Ənənəvi olaraq iqtisadiyyatın bəzi sahələrində - tikinti, kənd təsərrüfatı, xidmət sektoru kimi sahələrdə miqrant əməyi üstünlük təşkil edir. Məhz həmin sahələrdə işçi qüvvəsinin çatışmazlığı daha çox hiss olunur. Belə bir şəraitdə Rusiya hakimiyyəti miqrasiya siyasətini yumşaltmaq əvəzinə daha da sərtləşdirir”.
Hüquqşünasa görə, ilk baxışda nonsens kimi görünsə də, bunun bir neçə - siyasi, demoqrafik, inzibati səbəblərini göstərmək olar: “Rusiya hakimiyyəti miqrasiya siyasətinin sərtləşdirilməsini əsasən təhlükəsizlik və daxili sabitlik amilləri ilə əlaqələndirir. Məlumdur ki, Rusiyaya miqrasiyaya gedənlərin böyük əksəriyyəti böyük əksəriyyəti Mərkəzi Asiya və Qafqaz ölkələrindəndir. Rusiya bu ölkələri özünün təsir zonası hesab edir. Hazırda həm Mərkəzi Asiya, həm də Qafqaz ölkələri Rusiyanın təsirindən kifayət qədər uzaqlaşaraq müstəqil siyasət yeridir. Eyni zamanda, həm Şərq, həm də Qərb ölkələri ilə balanslı münasibətlər sistemi qururlar. Ona görə də Rusiya hakimiyyəti daha çox həmin ölkələrdən olan şəxslərə münasibətdə miqrasiya siyasətini sərtləşdirir. Yəni, miqrantlar vasitəsilə onun təsir dairəsindən uzaqlaşan ölkələrə təzyiq göstərməyə çalışır.
Digər tərəfdən, məsələdə etnik amili də istisna etmək olmaz. Yəni, Rusiyaya miqrasiyaya gələn və vətəndaşlıq əldə etmək istəyənlər qeyri-rus millətindəndir. Başqa ölkələrin ərazisində yaşayan etnik cəhətdən rus olanlar üçün həm miqrasiya məsələsi, həm də vətəndaşlıq əldə etmək sadələşdirilmiş proseduralar üzrə həyata keçirilir. Qeyri-rus millətindəndən olan və Rusiya cəmiyyətinə inteqrasiya olunmamış vətəndaşların sayının artması daxili siyasi proseslərdə onların fəallığının və rolunun artmasına gətirib çıxara bilər ki, bu da indiki hakimiyyət üçün arzuolunmazdır”.
Siyasətçi bir məsələyə də xüsusi toxundu: “Nəzərə almaq lazımdır ki, yeni təkliflərə görə, müqavilə əsasında Rusiya ordusunda xidmət edərək Ukraynaya qarşı vuruşmaq istəyən əcnəbilər üçün həm miqrasiya gəlmənin, həm də Rusiya vətəndaşlığını əldə etmənin sadələşdirilmiş qaydası və rüsumdan azad olması şərti saxlanılır. Miqrasiya siyasətinə belə selektiv yanaşma onu göstərir ki, bu gün Rusiya hakimiyyəti üçün əsas məsələ daha çox Ukraynaya qarşı müharibədir.
Və nəhayət, bir məsələni də qeyd etmək olar. Vətəndaşlığın əldə olunması, daimi və müvəqqəti yaşamaq üçün sənədlərin verilməsinə görə rüsumun artırılması Ukrayna ilə müharibənin və beynəlxalq sanksiyaların boşaltdığı büdcəyə yığımların çoxaldılması üçün yollardan biri kimi də nəzərdən keçirilə bilər”.
Cavanşir ABBASLI,
Musavat.com