Rusiyanın Ukraynaya qarşı müharibəsində iştirak edən əcnəbi döyüşçülərdən biri indi siyasətə gəlməyə hazırlaşır.
Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, Anqola əsilli Manuel Nelson Tomaş Rusiyanın hakim "Vahid Rusiya" partiyasının praymerizinə qatılıb və Belqorod şəhər şurasına namizəd olmaq niyyətini açıqlayıb.
“Astra”nın diqqət çəkdiyi məlumata görə, 38 yaşlı Tomaş Anqolanın Lobitu şəhərində doğulub və 2010-cu ildə Rusiyaya gəlib.
O, əvvəlcə Belqorod Dövlət Universitetində təhsil alıb, daha sonra Belarusun Vitebsk şəhərində ürək cərrahiyyəsi ixtisası üzrə oxuyub.
2024-cü ilin aprelində isə Rusiya Müdafiə Nazirliyi ilə müqavilə bağlayaraq Ukraynaya qarşı müharibəyə qoşulub. Hazırda “LNR” adlandırılan ərazidə (Ukraynanın işğal altındakı Luqansk vilayəti-red.) tibbi bölmədə xidmət etdiyi bildirilir.
Tomaş iddia edir ki, Svatovo şəhərindəki hospitalda çalışdığı müddətdə iki ilə yaxın vaxt ərzində 8 mindən çox əməliyyat həyata keçirib.
İndi isə o, Belqorod şəhər şurasına əlavə seçkilərdə namizəd olmaq istəyir.
Musavat.com