AZ

“Ermənistan-Belarus müharibəsi” başladı: “Çətin olacaq”

Ermənistan və Belarus arasında illərdir davam edən diplomatik gərginliklər səngimir.

Mayın 5-də Ermənistanın Belarusdakı müvəqqəti işlər vəkili Artur Sarkisyanın Belarus Xarici İşlər Nazirliyinə çağırılaraq ona nota təqdim edilməsi səngiyən “müharibə”nin yenidən alovlandığını göstərir.

“Ermənistan tərəfinin son qeyri-dost hərəkətləri ilə bağlı erməni diplomata kəskin etiraz edilib və müvafiq nota təqdim edilib”, - Belarus Xarici İşlər Nazirliyinin yaydığı bəyanatda deyilir.

Qeyd edək ki, Ermənistan parlamentinin sədri Alen Simonyan Rusiyaya qarşı sərt bəyanatla çıxış edib. Simonyan Rusiya ilə münasibətlərdən danışarkən Ermənistanda hakimiyyətin dəyişdirilməsinə yönəlmiş siyasi proseslərin getdiyini iddia edib. Onun sözlərinə görə, Rusiya Ukraynada maraqlarını hərbi yolla həyata keçirməyə çalışırsa, Ermənistanda siyasi təsir mexanizmlərindən istifadə olunur. Erməni spiker bildirib ki, Ermənistanın açıq siyasi və informasiya mühiti ölkənin özünə qarşı alətə çevrilməyə çalışılır.

“Bizim demokratikliyimizdən bizə qarşı istifadə etmək istəyirlər. Deyirlər ki, sizdə internet açıqdır, biz öz rublumuzla bu internetdə o qədər reklam alacağıq ki, hər şey bizim olacaq”, – deyə o vurğulayıb.

Parlament sədrinin sözlərinə görə, Ermənistanın kənardan idarə olunan ölkəyə çevrilməsinə imkan verilməyəcək.

“Biz Ermənistanın quberniyaya çevrilməsinə imkan verməyəcəyik. Belarus kimi idarə olunmayacağıq”, – Simonyan qeyd edib.

Alen Simonyanın açıqlamalarından qəzəblənən Belarus Xarici İşlər Nazirliyi Ermənistan tərəfinin “qeyri-dost hərəkətləri” ilə əlaqədar rəsmi İrəvana kəskin etirazını bildirib.

Belarus XİN-in mətbuat katibi Varankov bu çıxışı kəskin tənqid edərək, erməni rəsmisinin sözlərini “seçkiqabağı populizm” və Ermənistanın daxili problemlərindən diqqəti yayındırmaq cəhdi kimi qiymətləndirib. Varankov vurğulayıb ki, Belarus öz xarici siyasətini və Rusiya ilə müttəfiqlik münasibətlərini tam müstəqil şəkildə müəyyən edir.

Rəsmi Minsk hesab edir ki, suveren bir dövlətin dövlət quruluşunu və idarəetmə modelini aşağılayıcı şəkildə müqayisə etmək diplomatik etiketə tamamilə ziddir. Bu hadisə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) daxilində iki ölkə arasında onsuz da gərgin olan münasibətləri daha da pisləşdirib.

Ekspertlər qeyd edirlər ki, İrəvanın Belarusun ünvanına işlətdiyi bu kəskin ifadələr faktiki olaraq iki ölkə arasındakı diplomatik körpüləri yandırır.

Xatırladaq ki, Belarus və Ermənistan Aİİ və KTMT-də təmsil olunsalar da, münasibətlərində gərginlik yaşanır. Hətta Ermənistan öz səfirini geri çağırıb və diplomatik nümayəndəlik müvəqqəti işlər vəkili səviyyəsindədir. Bundan əvvəlki illərdə də Minsk İrəvana nota verib.

İrəvan və Minsk arasında alovlanan diplomatik “müharibə” hara qədər davam edə bilər?

ELXAN.jpg

“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu Musavat.com-a açıqlamasında öncə Belarusun Azərbaycanla uzun illərdir davam edən tərəfdaşlıq münasibətlərindən bəhs edib:

“Belarus lideri Aleksandr Lukaşenko ilə Azərbaycan Prezidenti İlham Əliyev arasında sıx əlaqələr var. Keçmiş illərdə, hətta Azərbaycan torpaqları işğal altında olanda da Belarus Azərbaycan ərazi bütövlüyünü dəstəkləyirdi. Üstəgəl, belə bir hadisə o zaman baş vermişdi ki, Ermənistanda Serj Sərkisyan prezident olanda Belarus prezidenti ona təklif etmişdi ki, Azərbaycan torpaqlarını geri qaytarsın və Azərbaycanla iqtisadi əməkdaşlıqdan faydalansın. Serj Sərkisyan o zaman Lukaşenkonun təklifinə rədd cavabı vermişdi. Halbuki, o zaman razılaşsaydılar, 44 günlük müharibə də olmazdı, Ermənistan bu qədər itki də verməzdi”.

E.Şahinoğlu Belarus prezidentinin sonrakı illərdə də Azərbaycanla tərəfdaşlığa üstünlük verdiyini, Nikol Paşinyan Ermənistanda hakimiyyətə gələndən sonra onunla da işğal altındakı ərazilər mövzusunda müzakirələr apardığını qeyd edib:

“Hətta müharibədən öncə ona məsləhətlər verirdi ki, Azərbaycanla razılıq əldə etsin. İkinci Qarabağ müharibəsindən sonra da Lukaşenkonun Azərbaycana dəstək açıqlamaları davam edirdi. Bu açıqlamalarda Paşinyana tənqid var idi ki, bu da Ermənistandakı hakim komandanın xoşuna gəlmirdi. Hətta Paşinyan belə bir fikir də söyləmişdi ki, nə qədər ki, Lukaşenko Belarusda prezidentdir, Ermənistan rəsmiləri bu ölkəyə səfər etməyəcəklər. Həm də qəribə və diqqətçəkən məqam ondan ibarətdir ki, bu iki ölkə həm Avrasiya İqtisadi Birliyinin, həm də Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının üzvüdür. Yəni əslində, normalda məntiqə görə müttəfiq sayılmalıdırlar, amma müttəfiq sayılmırlar. Çünki Belarus keçmiş illərdə Azərbaycan ərazilərinin işğalını qəbul etmirdi”.

Politoloq bildirib ki, indi də münasibətlərin gərginləşməsinə Ermənistan parlamentinin sədri Alen Simonyanın məlum açıqlaması səbəb olub:

“Bu açıqlama Belarus rəsmilərinin sərt reaksiyasına səbəb oldu. Onlar da Alen Simonyanın məlum açıqlamasına Ermənistan hakimiyyətinin mövqeyini sərt formada cavab veriblər. İş o yerə çatıb ki, səfirlər geri çağırılır, notalar havada uçuşur. Bu, bir daha onu göstərir ki, Belarus ilə Ermənistanın dil tapması çətin olacaq”.

Seçilən
1
6
paytaxt.org

10Mənbələr