ain.az, Cebheinfo saytına istinadən bildirir.
İsveçrənin Federal İctimai Sağlamlıq İdarəsinin (FOPH) açıqlamasına görə, ölkədə hantavirus aşkar edilən bir xəstə Sürix şəhərində müalicə olunur.
"Cebheinfo.az" xəbər verir ki, İsveçrənin dövlət yayım qurumu SRF-nin məlumatında bu barədə bildirilir. Atlantik okeanının cənubundakı Argentinadan Afrikanın qərbində yerləşən Kabo-Verdeyə gedən və hantavirus hallarının təsdiqləndiyi sərnişin gəmisində olan bir şəxsdə virus müəyyən edilib.
Məlumata görə, aprelin sonunda Cənubi Amerika səfərindən qayıdan xəstə ilk simptomları göstərdikdən sonra xəstəxanaya müraciət edib və dərhal izolyasiyaya alınıb.
Cenevrə Universitet Xəstəxanalarının (HUG) laboratoriyasında aparılan testlərin hantavirus infeksiyasını təsdiqlədiyi qeyd olunub. Xəstədə Cənubi Amerikada geniş yayılmış hantavirus növlərindən biri olan Andes virusu aşkarlanıb.
Xəstənin həyat yoldaşında hələlik heç bir simptom müşahidə edilmədiyi, lakin ehtiyat tədbiri olaraq onun da izolyasiyada saxlanıldığı bildirilib.
Rəsmilərin xəstə ilə başqa şəxslərin təmasda olub-olmadığını araşdırdığı qeyd edilib.
Məlumatda, həmçinin vurğulanıb ki, FOPH hantavirusu əhali üçün “aşağı riskli” hesab edir. İsveçrədə hər il 0–6 arasında hantavirus halı qeydə alınır və bunların əksəriyyəti xaricdə yoluxma nəticəsində baş verir.
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) isə sərnişin gəmisində qeydə alınan hallardan sonra gündəmə gələn hantavirusu qlobal əhali üçün “aşağı riskli” kimi qiymətləndirib və virusun genomunun ardıcıllığının araşdırılmasının davam etdiyini açıqlayıb.
ÜST bildirib ki, hantavirus əsasən gəmiricilər vasitəsilə yayılır və nadir hallarda olsa da, insandan insana keçmə ehtimalı tam istisna edilmir.
Qeyd edək ki, Hantavirus əsasən gəmiricilərdən insanlara keçən yoluxucu xəstəlikdir.
Gəmiricilərin qurumuş ifrazatları (sidik, nəcis və tüpürcək) ilə çirklənmiş havanın tənəffüsü, həmçinin gəmirici tərəfindən dişlənmə və ya cızılma nəticəsində yoluxa bilər. Xəstəlik qızdırma, halsızlıq və əzələ ağrıları kimi əlamətlərlə özünü göstərir.
Virus ağır hallarda tənəffüs çatışmazlığına səbəb ola, bəzi hallarda isə daxili qanaxma və böyrək çatışmazlığı ilə müşayiət oluna bilər.
Nigar Hacılı
"Cebheinfo.az"
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.