Atlantik okeanında lövbər salan “MV Hondius” kruiz gəmisində qeydə alınan hantavirus yayılması beynəlxalq narahatlıq yaradıb.
Musavat.com xəbər verir ki, Ümumdünya Səhiyyə Təşkilatı və bir sıra ölkələrin səhiyyə qurumları hazırda gəmidən düşən sərnişinlərin izinə düşməyə çalışır. Xarici mediada yayılan son məlumatlara görə, virus səbəbindən artıq üç nəfər – iki Niderland vətəndaşı və bir Almaniya vətəndaşı həyatını itirib. Daha bir neçə nəfərdə isə yoluxma şübhəsi var. Xüsusi narahatlıq yaradan məqam isə aşkarlanan “Andes” hantavirus ştamının nadir hallarda insandan insana keçə bilməsidir.
Məlumata görə, kruiz gəmisi Argentina sahillərindən hərəkət edib və sonradan Cape Verde yaxınlığında saxlanılıb. Virusun ilkin mənbəyinin Argentinanın cənub bölgələri olduğu ehtimal edilir. Bildirilir ki, ilk yoluxan şəxslərdən biri gəmi səyahətindən əvvəl Argentina və Çilidə təbiət turları və quş müşahidələri ilə məşğul olub.
Hazırda ABŞ, Böyük Britaniya, İsveçrə, Almaniya, İspaniya, Niderland, Danimarka və digər ölkələrdə gəmidə olmuş sərnişinlər izlənilir. ABŞ Xəstəliklərə Nəzarət Mərkəzi (CDC) Arizona, Corciya və Kaliforniyada bəzi şəxsləri müşahidə altına götürüb. İsveçrədə isə kruiz sərnişinində yoluxma təsdiqlənib və o, Sürixdə xəstəxanaya yerləşdirilib.
İspaniya hakimiyyəti gəminin Kanar adalarına qəbuluna xüsusi sanitar nəzarətlə icazə verib. Sərnişinlərin bir hissəsinin karantinə göndərilməsi, simptomu olmayan şəxslərin isə öz ölkələrinə qaytarılması planlaşdırılır.
Ümumdünya Səhiyyə Təşkilatı vəziyyətin nəzarətdə olduğunu bildirsə də, virusun inkubasiya müddətinin 6 həftəyə qədər davam edə bilməsi səbəbindən beynəlxalq monitorinq gücləndirilib. Ekspertlər bildirirlər ki, hantavirus COVID-19 kimi sürətlə yayılmasa da, ölüm riski daha yüksək hesab olunur.
Hantavirus nədir?
Hantavirus əsasən gəmiricilər – xüsusilə siçan və siçovullar vasitəsilə yayılan təhlükəli virus infeksiyasıdır. İnsanlara daha çox yoluxmuş gəmiricilərin sidiyi, nəcis və tüpürcəyinin havaya qarışması nəticəsində keçir. Virus insandan-insana çox nadir hallarda ötürülür.
Həkimlərin sözlərinə görə, hantavirusun ilkin simptomları bir çox hallarda adi virus infeksiyasını xatırladır: yüksək hərarət, güclü halsızlıq, baş və əzələ ağrıları, ürəkbulanma və qusma, qarın ağrısı, ishal, nəfəs darlığı, sinədə sıxılma hissi.
Ağır hallarda isə ağciyərlərdə maye toplanması və böyrək funksiyasının pozulması baş verə bilər.
Hazırda hantavirus üçün xüsusi antiviral müalicə tam təsdiqlənməyib. Həkimlər bildirirlər ki, erkən diaqnoz həyati əhəmiyyət daşıyır. Müalicə əsasən simptomların yüngülləşdirilməsinə yönəlir:xəstənin xəstəxanada müşahidəsi;maye və oksigen dəstəyi;ağır hallarda reanimasiya yardımı;böyrək problemlərində xüsusi terapiya.
Mütəxəssislər vurğulayır ki, gecikmiş müraciət ölüm riskini artırır. Səhiyyə qurumları hantavirusdan qorunmaq üçün bir sıra vacib qaydaları tövsiyə edir:gəmiricilərlə təmasdan uzaq durmaq; ev və anbarlarda siçan izləri aşkarlandıqda dezinfeksiya aparmaq; tozlu və qapalı məkanları maska ilə təmizləmək; gəmirici ifrazatını süpürgə ilə deyil, dezinfeksiyaedici məhlulla təmizləmək; qida məhsullarını bağlı qabda saxlamaq; əlləri tez-tez yumaq.
Azərbaycanda son günlər ishal, qusma, qızdırma kimi simptomlarla müşahidə edilən virusun yayılması insanlarda təşviş yaradıb. İnsanlar bunun hantavirus olması ilə bağlı narahatlıq keçirirlər. Səhiyyə Nazirliyindən aldığımız məlumata görə, hazırkı vəziyyət əhali üçün narahatlıq doğurmur və epidemioloji durum müvafiq qurumlar tərəfindən daim nəzarətdə saxlanılır.
Afaq Mirayiq,
Musavat.com