AZ

Müəllim öncədən anlayacaq ki, bu uşaq niyə belə edir... - AÇIQLAMA

Məktəblərdə psixoloq probleminə əsaslanaraq təhsil ekspertlərindən birinin təklifi var ki, müəllimlərin işə qəbulu imtahanından sonra müəllimlər üçün psixoloji hazırlıq kursları təşkil olunmalıdır.

Mövzu ilə bağlı Redaktor.az-a danışan psixoloq Nabat Mirzəyeva bildirdi ki, təklif gözəl və doğrudur:

"Bir məqamı dəqiqləşdirmək vacibdir ki, müəllim psixoloq deyil, eynilə psixoloq da bir müəllim ola bilməz və olmamalıdır. Müəllimin rolu tədris etməkdirsə, psixoloqun da rolu psixoloji dəstək verməkdir. Bu iki sahə bir-birini tamamlayır, ancaq əvəz edə bilmir".

Həmsöhbətimizin sözlərinə görə, müəllimlərin psixoloji biliklərə sahib olması artıq bir seçim yox, zərurətdir:

"Çünki sinif otağı təkcə bir dərs mühiti deyil, eyni zamanda sosial bir mühitdir və emosional olaraq fərqli bir kütlədən ibarət olur. Yəni müəllim gündəlik olaraq sinif otağında fərqli psixoloji vəziyyətdə olan, fərqli xarakterli uşaqlarla, fərqli ailələrin övladları ilə işləyir ki, bu baxımdan müəllimin əsas psixoloji bacarıqlara malik olması, emosiyaları tanıması, aqressiv anlarda aqressiyanı düzgün yönləndirməsi, uşağın davranışının arxasında olan səbəbi görməsi çox-çox önəmlidir".

O, həmçinin vurğuladı ki, psixoloji hazırlıq kursları müəllimə dərs keçərkən terapiya aparmağı öyrətməməlidir:

"Kurslar müəllimə bacarıq qazandırmalıdır. Erkən siqnalları tanımaq, uşaqlarda davranış dəyişiklikləri görərsə, artıq bunu müşahidə etmək və s. Düzgün olmayan hərəkət gördükdə düzgün ünsiyyət qurmaq və mütəxəssisə yönləndirmək lazımdır. Bu bacarıqlar psixoloji kurslarda müəllimə öyrədilməlidir. Bu yanaşma həm də müəllimin işini asanlaşdıracaq. Müəllim öncədən anlayacaq ki, bu uşaq niyə belə edir. Yəni nəticə olaraq müəllimdən psixoloq yaratmaq yox, onu psixoloji baxımdan savadlı etmək lazımdır. Müəllimdən bir psixoloq yaratmağa ehtiyac yoxdur, onsuz da o, bir müəllimdir. Ancaq bir müəllimin psixoloji bacarıqlarını, psixoloji baxımdan savadlı olmasını təkmilləşdirmək doğru bir yanaşmadır. Əgər bu balans qorunarsa, həm təhsil mühiti sağlamlaşar, həm də şagirdlər özlərini daha güvənli və anlaşılmış hiss edərlər".

Aytəkin TOFİQQIZI

Seçilən
45
36
redaktor.az

10Mənbələr