Bakıda orta məktəblərdən birində qardaşını qorumağa çalışan qızın bıçaqlanması növbəti dəfə məktəblərdə həm təhlükəsizlik məsələlərini, həm də bəzi uşaqların aqressiv hərəkətlərinin nədən qaynaqlandığı barədə sualları yenidən gündəmə gətirib.
Klinik psixoloq, psixoterapevt Rövşən Nəcəfov hesab edir ki, uşaqların məktəbdə cinayət xarakterli davranışlara yönəlməsinin qarşısını almaq üçün həm hüquqi, həm də psixoloji preventiv tədbirlər sistemli şəkildə həyata keçirilməlidir.
Musavat.com-a şərhində o bildirib ki, məktəb yalnız akademik bilik verən məkan deyil, insan yetişdirən, şəxsiyyət formalaşdıran mənəvi və sosial institutdur: “Əgər məktəbdə uşağın psixoloji vəziyyəti vaxtında müşahidə olunmur, davranış pozuntuları diqqətdən kənarda qalırsa, bunun nəticəsi gələcəkdə cəmiyyət üçün ciddi təhlükəyə çevrilə bilər. Psixi və davranış pozuntuları olan uşaqlarla bağlı aidiyyəti qurumlar tərəfindən hüquqi və psixoloji müdaxilə mexanizmləri gücləndirilməlidir. Uşağın aqressiyası, zorakılığa meyli, empatiya çatışmazlığı və ya sosial təhlükə yaradan davranışları “xarakter”, “uşaqdı da”, “dəcəldir” adı altında gizlədilməməlidir. Valideynin susduğu hər problem, sabah başqa bir uşağın faciəsinə çevrilə bilər. Cəmiyyətdə cinayət təfəkkürü normallaşarsa, heç bir ailə öz övladının təhlükəsizliyinə təminat verə bilməz. Bu səbəbdən uşaqların psixikasına erkən müdaxilə, onların emosional və davranış problemlərinin vaxtında aşkarlanması həyati əhəmiyyət daşıyır. Risk qrupuna aid olan uşaqlar məktəb, psixoloq, sosial xidmət və hüquq-mühafizə orqanlarının koordinasiyalı nəzarət mexanizmi ilə müşahidə olunmalıdır. Boşanmış ailələrdə uşağın hansı valideynə verilməsi ana və ya atanın psixoloji sağlamlığı, əxlaqi davranışı, zorakılığa meyli və uşağın inkişafına təsir göstərə biləcək sosial mühiti də ciddi şəkildə qiymətləndirilməlidir. Çünki travmatik mühit uşağın gələcək psixologiyasını və cəmiyyətə münasibətini birbaşa formalaşdırır”.
R.Nəcəfov onu da bildirib ki, məktəblərdə psixologiya ayrıca fənn kimi tədris olunmalı, hər yaş qrupuna uyğun emosional inkişaf, empatiya, zorakılıqla mübarizə, konflikt idarəetməsi və təhlükəsiz davranış mövzularını əhatə edən dərsliklər hazırlanmalıdır: “Məktəb psixoloqlarının fəaliyyəti formal çərçivədən çıxarılmalı, onların şagird, valideyn və müəllimlərlə davamlı işləməsi üçün geniş imkanlar yaradılmalıdır. Məktəblərdə rüblük və illik psixoloji mühitin dəyərləndirilməsi aparılmalı, şagirdlər arasında aqressiya, zorakılıq, təcridolunma və sosial risk faktorları mütəmadi analiz edilməlidir. Çünki bir uşağın susqun ağrısı, vaxtında eşidilmədikdə bütöv bir cəmiyyətin təhlükəsinə çevrilə bilər”.
Nigar Həsənli
Musavat.com