ABŞ ölkənin cənubundakı Keşm və Bəndər-Abbas limanlarına zərbə endirib.
"Report" xəbər verir ki, bu barədə "Fox News" telekanalının müxbiri Cennifer Qriffin yüksəkrütbəli Amerika rəsmisinə istinadən "X" sosial şəbəkəsində məlumat yayıb.
"Amerika hərbçiləri indicə İranın Keşm və Bəndər-Abbas limanlarına zərbələr endiriblər", - jurnalist rəsminin sözlərini sitat gətirir.
Bununla yanaşı, Qriffinin həmsöhbətinin qeyd etdiyi kimi, zərbələrin endirilməsi İrana qarşı müharibənin bərpası demək deyil.
Daha əvvəl İranın "Tasnim" agentliyi zərbələrdə Birləşmiş Ərəb Əmirliklərinin Hərbi Hava Qüvvələrinin iştirakını ehtimal edirdi.
Xatırladaq ki, ABŞ və İsrail fevralın 28-də bir sıra şəhərlərə aviazərbələr endirərək İrana qarşı hərbi əməliyyata başlayıb. Buna cavab olaraq Tehran İsrail ərazisinə raket zərbələri endirib və Fars körfəzi ölkələrindəki Amerika hərbi bazalarına hücum edib.
2026-cı il aprelin 8-nə keçən gecə İran, ABŞ və onların müttəfiqləri iki həftəlik atəşkəs barədə razılığa gəliblər. Aprelin 11-12-də İslamabadda Pakistanın vasitəçiliyi ilə İran və ABŞ arasında danışıqlar baş tutub. Müzakirələrdən sonra tərəflər görüşü razılıq əldə etmədən başa çatdırıblar.
Tehrana təzyiq vasitəsi kimi ABŞ İran limanlarının və Hörmüz boğazından keçidin blokadaya alındığını elan edib. Öz növbəsində İran Hörmüz boğazının Fars körfəzi ölkələrinə gedən gəmilər üçün artıq bağlı olduğunu bildirib. Regiondakı vəziyyət qlobal enerji böhranına səbəb olub.