"Zirə"nin baş məşqçisi Rəşad Sadıqov Misli Premyer Liqasının 31-ci turunda səfərdə "İmişli" ilə heç-geçə etməkləri (0:0) barədə danışıb.
QOL.az xəbər verir ki, müstəxəssis qələbə qazana bilmədikləri üçün məyus olduqlarını deyib:
"Olduqca ağır oyun oldu. Meydançanın vəziyyətini gördünüz. Futbolçular 90 dəqiqə ərzində çox istəkli idilər. Qələbə qazanmaq üçün əllərindən gələni etdilər. Amma sonluğu gətirə bilmədik. Məyusuq. Qələbə qazanmaq istəyirdik. Artıq önümüzdəki oyunlara hazırlaşmalıyıq".
O, Azərbaycan kubokun finalı ərəfəsində futbolçuları çempionat matçlarına kökləməyin çətinliyindən söz açıb: "Üstün tərəf biz idik, yaxşı qol fürsətləri yaratdıq. Qəti şəkildə sırf kubuku düşünmürük. Adətən kubokun finalı mövsümün sonunda olurdu. İndi isə ağır qrafikə təsadüf etdi. Rotasiyaların, zədələrin oyunumuza təsiri olur. Sıx qrafikdən keçmişik. 35 gün ərzində 8-ci oyunumuz idi. Aprel ayı bizi çox yordu. Meydançanın keyfiyyəti son ötürmələrə, zərbələrə təsir edirdi".
R.Sadıqov oyundan sonra "İmişli"nin baş məşqçisi Jorj Kaşkilya ilə görüşməməsinin səbəbini də açıqlayıb: "Adətən oyundan sonra məşqçilər həmkarları ilə görüşüb sonra futbolçularını təbrik edir. "İmişli"nin baş məşqçisi isə matç bitən kimi oyunçularını təbrik etməyə getdi. Mən də tərcüməçi ilə görüşdüm və hərə öz istiqamətində getdi".
Sonda baş məşqçi "Premyer Liqada komanda sayının artırılmasına gərək varmı" sualını cavablayıb: "Əsas olan məqsədin nə olmasıdır. Məqsəd sadəcə sayı artırmaqdırsa, say artıb, may ayında palçıqda futbol oynayırıq. Klubların çoxu 3-4 stadionda oynayır. İnfrastrukturu, stadionu olan klub varsa, Premyer Liqaya gələ bilər. Çempionatımızda Keyfiyyətli komandalar, legionerlər var. Bu keyfiyyəti saxlamaq üçün ən azı ot örtüyü yaxsi vəziyyətdə olmalıdır".