“Kəpəz”in baş məşqçisi Azər Bağırov Azərbaycan Premyer Liqasının 31-ci turunda “Sabah”a qarşı keçirdikləri oyunu şərh edib.
Arena.az xəbər verir ki, sözügedən komandaların bu gün Masazırda baş tutmuş görüşü Gəncə təmsilçisinin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Azər Bağırov matçdan sonra təşkil edilmiş mətbuat konfransında bunları söyləyib:
“Sabah”ı çempionluq münasibətilə təbrik edirəm. Allah qoysa, Azərbaycanı Avropada yaxşı təmsil etsinlər. Oyuna gəldikdə, “Sabah” kimi komandaya qarşı meydana çıxmışdıq. 22 oyun idi ki, uduzmurdular. Çox matçda da oyunun müqəddəratını birinci hissədə həll etmişdilər. Bu gün bir az bəxtimiz gətirdi. Yusif İmanova təşəkkür edirik ki, ən yaxşı oyunlarından birini keçirdi. Düşünürdük ki, “Sabah” dəyişikliklərə gedəcək. Çünki 5 gündən sonra oyunları var. Şükürlər olsun ki, planlaşdırdıqlarımız baş verdi. Komandamı qələbə münasibətilə təbrik edirəm. Hər bir futbolçuya minnətdaram. Gəncədən gələn azarkeşlərə bir daha təşəkkür edirəm.
Heyətdə böyük dəyişikliklər edə bilmirik. Çempionatda 12-13 nəfərlə oynadıqda, eniş də olacaq. Fiziki və psixoloji məqamlar da var. Ən pisi o idi ki, dəyişiklik edəndə oyunu gücləndirə bilmirdik. Uduzduğumuz 4 oyunda da elə oldu ki, heyətdə futbolçular yox idi. Biz də rotasiya edəndə, birdən-birə 4-5 zona zəifləyir. Futbol adamları bunu başa düşürlər, amma anlaşılandır ki, azarkeşlər tam başqa cür baxırlar. Komandanın yüksəliş dövründə enişi görəndə, üzülürlər”.
