AZ

Dambrauskas: “Risk etmək istəmədik” – ARENA.AZ

“Sabah”ın baş məşqçisi Valdas Dambrauskas Azərbaycan Premyer Liqasının 31-ci turunda “Kəpəz”ə qarşı keçirdikləri oyunu şərh edib.

Arena.az xəbər verir ki, sözügedən komandaların bu gün Masazırda baş tutmuş görüşü “Sabah”ın 0:1 hesablı məğlubiyyəti ilə yekunlaşıb.

Dambrauskas matçdan sonra təşkil edilmiş mətbuat konfransında bunları söyləyib:

“Kəpəz”i təbrik etmək istəyirəm. Bu qələbə onlar üçün çox böyük uğur idi. Bu gün nəsə çox şey demək istəmirəm. İlk hissədə daha çox dominant, daha yaxşı oynayan tərəf biz idik. Sadəcə, künc zərbələrindən 3-4 qol fürsətimiz oldu ki, “Kəpəz”in qapıçısı çox yaxşı çıxış etdi, qol vurmağımıza imkan vermədi. İkinci hissədə müəyyən dəyişikliklər etdik. Amma bundan sonra oyun ritmimiz kifayət qədər düşdü. Daha sonra anlaşılmaz səhv buraxdıq. Belədə, rəqib də fərqləndi. “Kəpəz” öz qapısına tərəf çəkildi. Hücumlar zamanı səbirli olmalıydıq, amma bəzən tələsirdik. Bütün bunları unutmalıyıq. Düzdür, bir balaca üzgünük. Çünki uzun müddətdir məğlubedilməzliyimiz var idi. Amma üzülməyə vaxt yoxdur. Qarşıdakı vacib final oyununa hazırlaşmalıyıq.

Bu gün daha çox az oynayan futbolçularımıza şans verdik. Müəyyən mənada risk etmək istəmədik. Çünki zədəlilərimiz ola bilərdi. Amma bu gün meydana çıxanlar da göstərməliydilər ki, öz keyfiyyətli necədir, nə edə bilərlər. İstədiklərimizə bu gün müəyyən mənada müvəffəq ola bilmədik. Amma onların davranışından, göstərdikləri cəhdlərdən şikayət edə bilmərəm. Adicə bir oyunçunu dəyişəndə, komandada dinamika necə düşür… Təsəvvür edin, 5-6 oyunçu dəyişirsən. Bu isə asan deyil. Bu gün meydana çıxan heyət 5-6 oyun ardıcıl birlikdə çıxış etsəydi, fərqli mənzərəyə şahid olardınız. Sabah bərpa məşqimizi keçəcəyik. İnkişaf etdirməli olduğumuz məsələlər üzərində işləyib, çərşənbə günü keçiriləcək matçı izləyəcəyik”.

Xəbəri sosial şəbəkələrdə paylaş:
Seçilən
20
8
arena.az

6Mənbələr