Şimali Koreyada konstitusyaya hakimiyyət rəhbərliyinin həyatına sui-qəsd edilməsi və ya hərbi komandanlığın pozulması halında avtomatik olaraq nüvə silahı ilə cavab verilməsini nəzərdə tutan düzəliş əlavə edilib.
Bu barədə “Yonhap” xəbər agentliyi Cənubi Koreya kəşfiyyatına istinadla məlumat yayıb.
Nəşrin məlumatına görə, Kim Çen In öldürülərsə və ya ölkənin komandanlıq strukturlarına hücum edilərsə, nüvə silahının buraxılması artıq ayrıca bir əmr tələb etməyəcək. Bunu etmək səlahiyyət sahiblərinin konstitusion borcudur.
Qərar Yaxın Şərqdə baş verən hadisələrdən, o cümlədən İran rəhbərliyinə qarşı zərbələrdən sonra verilib.
Hesab olunur ki, konstitusiyaya əlavə edilmiş bu müddəa ŞKDR rəhbərliyinə qarşı fiziki məhvetmə planları quran xarici dairələri həmin məşum addımdan çəkindərəcək.
ŞKDR-in yeni konstitusiyası mart ayında qəbul edilib. Əsas qanunun yeni redaksiyasına Cənubi Koreya ilə birləşmək ideyasını ifadə edən cümlələr salınmayıb.
Musavat.com