
“Dərin zəkası, həssas fəhmi və hər cür zəhmətə qatlaşmaq əzmi ilə hələ keçən əsrin ortalarında siyasət yoluna çıxmış Heydər Əliyev dövrün çağırışlarını və siyasi qanunauyğunluqlarını zərgər dəqiqliyi ilə düzgün dəyərləndirə bildi. O SSRİ-nin tarixində uzun bir siyasi yol qət etdi, XX əsrin qlobal siyasət arenasında çoxlarının həsəd apardığı bir şöhrət qazandı. O illərdə Heydər Əliyevin şəxsi karyera müstəvisində əldə etdiyi uğurlar bir sovet siyasətçisi üçün xoşbəxtliyin ən yüksək və hətta əlçatmaz həddi hesab oluna bilərdi. Düşünmək olardı ki, Heydər Əliyevə daha heç nə lazım deyil. O artıq bütün ömrünü Yer kürəsinin ən xoşbəxt adamlarından biri kimi yaşaya bilərdi. O isə belə düşünmürdü. O öz xoşbəxtliyini xalqın taleyindən kənarda görmürdü. O bütün ömrünü Azərbaycan xalqının taleyini dəyişmək amalı ilə yaşayırdı”. Deputatın fikrincə, Azərbaycanın ən mürəkkəb və həlledici mərhələlərində Heydər Əliyevin nümayiş etdirdiyi siyasi iradə dövlət müstəqilliyinin qorunması və gələcək inkişafının təmin olunmasında əsas rol oynayıb: “Heydər Əliyevin qarşısında hələ də çox ağır sınaqlardan keçməklə xalqın azadlığını və müstəqilliyini təmin etmək və daha sonra onu əbədi etmək üçün möhkəm əsaslar yaratmaq kimi çətin və şərəfli bir missiya vardı. Bu missiyanı o hələ uzun illər əvvəl özü özünə seçmişdi. 1993- cü ildə Azərbaycan Respublikasının mövcudluğu belə sual altına düşdüyü ən ağır sınaq zamanında isə xalq da yekdilliklə bu missiyanı ona həvalə etdi. O həmin dövrdə “olum” və “ölüm” dilemması qarşısında dayanmış Azərbaycanı tarixin ən ağır sınaqlarının birindən şərəflə çıxardı. Onun müdrik siyasəti nəticəsində biz dövlət olaraq “ölmədik”, “olduq”. SSRİ - ni idarə etmiş Siyasi Büro üzvləri arasında heç kimin siyasi dünyagörüşü hansısa bir dövlətin müstəqillik siyasətinin əsasına çevrilə bilmədi. Yalnız Heydər Əliyev siyasəti özündən sonra da müstəqil Azərbaycanın siyasi inkişaf kursuna çevrildi və öz məntiqi davamını əldə etdi. Məhz onun siyasi kursu bizi torpaqlarımızın işğaldan azad olunmasına gətirib çıxardı”. Cavanşir Feyziyev qeyd edib ki, Heydər Əliyevin siyasi kursu Azərbaycanın dünya miqyasında tanınmasına və beynəlxalq siyasətin vacib aktorlarından biri kimi qəbul olunmasına gətirib çıxardı. Ona görə də Heydər Əliyev xalqımızın əsrlərlə davam edən milli azadlıq və müstəqillik mübarizəsində tarixi dönüş yaratmış nadir şəxsiyyətlərdən biridir və onun adı hər zaman müasir və müstəqil Azərbaycan dövlətinin qurucusu kimi böyük ehtiramla xatırlanır. Azərbaycanın müasir dövlətçilik modeli yalnız siyasi idarəetmə sistemi ilə deyil, eyni zamanda uzunmüddətli strateji inkişaf konsepsiyası ilə xarakterizə olunur. Müstəqilliyin ilk illərində formalaşdırılan siyasi və iqtisadi kurs sonrakı dövrlərdə ölkənin həm beynəlxalq mövqeyinin güclənməsində, həm də enerji strategiyasının qlobal çağırışlara uyğun transformasiyasında əsas istiqamətə çevrilib. Milli Məclisin deputatı Naqif HəmzəyevMetbuat.az-a açıqlamasında bu strateji davamlılığın əsas xüsusiyyətlərini şərh edib:

“Heydər Əliyev tərəfindən formalaşdırılmış enerji siyasəti ilə Azərbaycanın müasir yaşıl enerji strategiyası arasında ardıcıl institusional davamlılıq mövcuddur. Bu xətt enerji suverenliyi, beynəlxalq inteqrasiya, strateji planlaşdırma və iqtisadi diversifikasiya prinsipləri üzərində qurulub. Neft və qaz gəlirlərinin qeyri-neft sektoruna, xüsusilə yaşıl enerji sahəsinə yönəldilməsi ölkənin iqtisadi strukturunun şaxələndirilməsinə xidmət edir. Bu yanaşma enerji asılılığının azaldılması və uzunmüddətli dayanıqlı inkişaf modelinin formalaşması baxımından mühüm əhəmiyyət daşıyır. Heydər Əliyev dövründə enerji resursları üzərində milli nəzarətin təmin edilməsi dövlət müstəqilliyinin əsas dayaqlarından biri kimi qəbul edilirdi. Bu prinsip bu gün də davam etdirilir və bərpa olunan enerji layihələrində dövlətin strateji nəzarət mexanizmləri qorunur. “Əsrin müqaviləsi” Azərbaycanın qlobal enerji bazarına inteqrasiyasında həlledici rol oynadığı kimi, hazırkı təşəbbüslər də ölkənin yaşıl enerji diplomatiyasında yeni mərhələ formalaşdırır. Dövlət Neft Fondunun yaradılması enerji gəlirlərinin uzunmüddətli inkişaf məqsədlərinə yönəldilməsi baxımından mühüm institusional alət kimi çıxış edib. Bu gün həmin strateji xətt enerji keçidi, yaşıl enerji layihələri və iqtisadi diversifikasiya siyasəti vasitəsilə qlobal çağırışlara uyğun şəkildə davam etdirilir”, – deyə Naqif Həmzəyev bildirib.Gülbəniz Hüseynli / Metbuat.az
Məqalə Medianın İnkişafı Agentliyinin (MEDİA) maliyyə dəstəyi ilə “Azərbaycanın dövlətçilik tarixinin, milli adət-ənənələrinin, elm və mədəniyyətinin təbliği” mövzusu üzrə dərc olunub.
