“Şamaxı”nın baş məşqçisi Ayxan Abbasov Azərbaycan Premyer Liqasının 31-ci turunda “Neftçi”yə qarşı keçirdikləri oyunu şərh edib.
Arena.az xəbər verir ki, sözügedən komandaların bu gün Bakıda baş tutmuş görüşü Şamaxı təmsilçisinin 0:3 hesablı məğlubiyyəti ilə yekunlaşıb.
Ayxan Abbasov matçdan sonra təşkil edilmiş mətbuat konfransında bunları söyləyib:
“Rəqibi təbrik edirəm. Layiqli qələbə qazandılar. Ötən matçda David Santosun ağır zədələnməsi komandamızda ruh düşkünlüyü yaratdı. Ona Allahdan şəfa diləyirəm. Çempionatın elə bir mərhələsindəyik ki, bəzi klublar üçün son matçlar artıq formal xarakter daşıyır. Buna baxmayaraq, qarşıda “Turan Tovuz”la son ev oyunumuz var və həmin matça hazırlaşacağıq. Bu gün də bəzi yeni oyunçulara meydanda şans verdik”.
Abbasov ardıcıl iki çətin oyunda qol vura bilməmələri və qapılarında 6 top görmələri ilə bağlı sualı cavablandırarkən komandadakı yorğunluğa və təqvimin ağırlığına diqqət çəkib:
“Düzdür, iki oyuna 6 top buraxdıq. Halbuki, bundan əvvəl az qol buraxdığımıza görə 4-cü və ya 5-ci yerdə idik. Təqvimimiz kifayət qədər ağır idi. Avrokuboklara və çempionluğa oynayan iddialı rəqiblərlə qarşılaşdıq. Bu matçlardan əvvəl çempionatdakı vəziyyətimiz aydın idi. Futbolçularımız yorulublar, mövsüm gərgin keçdi, zədələrimiz oldu. Görünür, oyunçular artıq tətili gözləyirlər və bunu da hardasa normal qarşılamaq olar. Bu gün “Neftçi” çox motivasiyalı idi. Amma bütün bunlara rəğmən, klub olaraq futbolçulardan razıyıq, onlar bu ağır yolda canlarını qoydular. Bizi dəstəkləməyə gələn azarkeşlərimizi sevindirmək istəyirdik, lakin təəssüf ki, alınmadı”.
Ayxan Abbasov “Şamaxı”dakı gələcəyi ilə bağlı yayılan iddialara da aydınlıq gətirib. O, cari mövsümün sonunda komandanı tərk edəcəyini təsdiqləyib:
“Qışdan bəri yayda vəziyyətin necə olacağı ilə bağlı bəzi fikirlər və söhbətlər var idi. Klub rəhbərliyi ilə danışmışıq, vəziyyəti təhlil etmişik və onlar necə olacağını bilirlər. “Şamaxı”da cəmi 2 oyunum qalıb və çox istəyərdim ki, bu matçlardan xal qazanaraq komandadan ayrılaq. “Şəfa”nı çalışdıracağım barədə isə söhbət olmayıb. Yəqin ki, bir yerə köklənəcəyik. Millidə bizi ağır yol gözləyir. Tam olaraq o oyunlara hazırlaşacağıq”.
