ADA Universitetinin Kənd təsərrüfatı və qida elmləri fakültəsi (SAFS) tərəfindən təşkil olunan “Azerfoodathon 2026” layihəsinin iştirakçıları olan və Şəki-Zaqatala Regional Təhsil İdarəsinin tabeliyində fəaliiyət göstərən ümumtəhsil müəssisələrinin bir qrup müəllim və şagirdləri mükafatlandırılıb.
Hafta.az xəbər verir ki, tədbirdə çıxış edənlər layihənin region gənclərinin kənd təsərrüfatı və qida elmləri sahəsinə marağının artırılmasında mühüm rol oynadığını vurğulayıblar. Bildirilib ki, bu cür təşəbbüslər şagirdlərin innovativ düşüncə bacarıqlarının inkişafına və onların gələcək peşə seçimlərinə müsbət təsir göstərir.
Tədbirin sonunda layihə iştirakçıları ADA Universiteti tərəfindən sertifikat və müxtəlif hədiyyələrlə təltif olunublar.
Qeyd edək ki, “Azerfoodathon 2026” layihəsi İtaliya-Azərbaycan Universitetinin yeni istifadəyə verilmiş binasında rəsmi olaraq start götürüb. Layihə hər il mütəmadi olaraq həyata keçirilən innovativ təşəbbüs olub, regionlardan olan gənclərin kənd təsərrüfatı və qida elmləri sahələrinə marağının və biliklərinin artırılmasına yönəlib.
Layihə ilk dəfə 2024-cü ildə həyata keçirilib. Həmin il Azərbaycanın müxtəlif bölgələrindən 75-dən çox müəllim və 400 orta məktəb şagirdi öz layihələri ilə iştirak ediblər.