AZ

Zamiq Əliyev üçün növbəti çempionluq şansı – ARENA.AZ

Futbol üzrə Azərbaycan millisinin müdafiəçisi Zamiq Əliyev Albaniyanın “Eqnatiya” komandasının heyətində növbəti matçına çıxıb.

Arena.az xəbər verir ki, sözügedən komanda Albaniya çempionatının 2025/2026-cı illər mövsümünün əsas mərhələsinin sonuncu – 36-cı turu çərçivəsində “Teuta” ilə qarşılaşıb.

“Eqnatiya” səfərdə baş tutmuş bu oyundan məğlubiyyətlə ayrılıb – 2:3. Əliyev görüşə start heyətdə başlasa da, fasilədə əvəzlənib.

“Eqnatiya” 36 oyunda topladığı 57 xalla 10 komandanın mübarizə apardığı Albaniya çempionatının yarış cədvəlində 3-cü yeri tutub. Sözügedən komanda 36 oyunda 16 qələbə qazanıb, 9 heç-heçə edib, 11 məğlubiyyətə üzülüb.

Mövsümün əsas hissəsi yekunlaşsa da, Zamiqin komandası hələ çempionluq şansını saxlayır. Belə ki, reqlamentə əsasən, ilk 4 yeri tutmuş komanda arasında həlledici oyunlar keçiriləcək. “Eqnatiya”nı mayın 17-də “Elbasani”, mayın 23-də “Vlajniya” ilə səfər oyunları, mayın 29-da isə Tirana “Dinamo”su ilə ev matçı gözləyir.

Xatırladaq ki, Zamiq Əliyev Albaniya klubuna 2024-cü ilin yayında “Araz-Naxçıvan”dan azad agent kimi keçib. Müdafiəçinin “Eqnatiya” ilə 2027-ci ilin 30 oyununadək müqaviləsi mövcuddur. 25 yaşlı futbolçu indiyə qədər bu komandanın heyətində 72 oyuna çıxıb, 2 qola imza atıb. Əliyev “Eqnatiya” ilə ötən mövsüm Albaniya çempionu olub.

Əliyev daha öncə “Qarabağ”da və “Kəpəz”də də oynayıb. Azərbaycanın U-17, U-19 və U-21 yığmalarında forma geyinmiş müdafiəçi 2024-cü ilin noyabr ayında əsas millimizdə də debüt edib və hələlik 2 oyun keçirib.

Xəbəri sosial şəbəkələrdə paylaş:
Seçilən
5
14
arena.az

10Mənbələr