AZ

İlham Əliyevin Zəngilan mesajlarının ana xətti budur-Regionun taleyi artıq xaricdə yazılmır  

Prezident İlham Əliyevin Zəngilana səfəri zamanı səsləndirdiyi fikirlər təkcə cari siyasi gündəliyin deyil, həm də regionda formalaşmış yeni geosiyasi reallığın əsas istiqamətlərini bir daha ortaya qoydu.

Dövlət başçısının çıxışlarında Azərbaycanın 44 günlük Vətən müharibəsindən sonra əldə etdiyi tarixi qələbənin nəticələri, beynəlxalq münasibətlər sistemində müşahidə olunan ikili standartlar, regionda davam edən siyasi proseslər və postmünaqişə dövrünün əsas prioritetləri geniş şəkildə öz əksini tapdı.

Bütün bunlar Azərbaycanın həm regional siyasətdə aparıcı mövqeyini, həm də milli maraqlara əsaslanan prinsipial xəttini nümayiş etdirir.

Həmçinin ATƏT-in Minsk qrupunun uzun illər ərzində fəaliyyətsiz və nəticəsiz qalması, beynəlxalq təşkilatların və bəzi böyük dövlətlərin münaqişəyə münasibətdə qərəzli yanaşması sərt şəkildə tənqid olundu. Azərbaycan torpaqlarının işğalı dövründə beynəlxalq hüququn norma və prinsiplərinin selektiv şəkildə tətbiq edilməsi, BMT Təhlükəsizlik Şurasının qətnamələrinin icrasız qalması və bunun nəticəsində yaranmış ədalətsizliklər bir daha diqqətə çatdırıldı. Dövlət başçısının qətiyyətli siyasəti nəticəsində Azərbaycanın öz gücü hesabına beynəlxalq hüququ bərpa etməsi və yeni reallıq yaratması xüsusi vurğulandı.

Ekologiya.az

Eyni zamanda Ermənistanın xarici güclərdən asılı siyasət yürütməsi, regionda müəyyən dövlətlərin bu ölkədən geosiyasi alət kimi istifadə etməyə çalışması məsələləri də ön plana çəkildi. Fransanın və xüsusilə prezident Emmanuel Makron administrasiyasının regiondakı destruktiv fəaliyyəti, neokolonial yanaşmalar və Azərbaycana qarşı qərəzli mövqelər siyasi kontekstdə təhlil edildi. Bunun fonunda Azərbaycan və Türkiyənin regionda formalaşdırdığı yeni siyasi gündəliyin əhəmiyyəti xüsusi qeyd olundu.

Eyni zamanda, Azərbaycan-Ermənistan münasibətlərində sülh gündəliyi, revanşizm təhlükəsi və regionda sabitliyin qorunmasının əhəmiyyəti geniş şəkildə vurğulandı. Azərbaycanın sülh təşəbbüslərinin real nəticələrə hesablandığı, bəzi xarici dairələrin isə müxtəlif missiyalar və siyasi manipulyasiyalar vasitəsilə prosesi gərginləşdirməyə çalışdığı diqqətə çatdırıldı. Bununla yanaşı, postmüharibə dövründə Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən genişmiqyaslı quruculuq və bərpa işləri, keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışı, insan hekayələri və sosial dirçəliş prosesi Azərbaycanın əsas uğurlarından biri kimi önə çəkildi.

İşğal dövründə törədilmiş urbisid, ekosid və kultursid cinayətlərinin beynəlxalq ictimaiyyətin diqqətində saxlanılması, dağıdılmış yaşayış məntəqələri, dini və mədəni abidələrə qarşı vandalizm faktlarının gündəmdə qalmasının vacibliyi də əsas mövzulardan biri idi.

Azərbaycanın beynəlxalq tədbirlərə ev sahibliyi etməsi, xüsusilə WUF13-ə hazırlıq prosesi ölkəmizin qlobal əməkdaşlıq platformalarında artan rolu bir daha xüsusi qeyd olundu.

Qlobal miqyasda baş verən müharibələr, enerji və ərzaq təhlükəsizliyi ilə bağlı risklər, Yaxın Şərqdəki gərginliyin dünya iqtisadiyyatına təsiri fonunda Azərbaycandakı sabitlik və təhlükəsizlik mühiti ayrıca əhəmiyyət daşıyır. Bütün bu proseslər fonunda Azərbaycan regionda etibarlı tərəfdaş, sabitlik və inkişaf məkanı kimi mövqeyini daha da möhkəmləndirir.

 Elnarə

Milli Məclisin deputatı Elnarə Akimova Musavat.com-da Dövlət Başçısının fikirlərində regionun gələcəyinə yönəlik fikirlərin əks olunduğuna diqqət çəkdi:

"Cənubi Qafqazda son illərdə baş verən proseslər göstərir ki, region artıq əvvəlki siyasi çərçivələr içində idarə olunmur. Yeni reallığın əsas müəllifi isə heç şübhəsiz Azərbaycandır. Prezident İlham Əliyevin Zəngilana səfəri zamanı səsləndirdiyi fikirlər də məhz bu yeni mərhələnin siyasi və strateji mahiyyətini ortaya qoydu. Bu çıxışlar bir tərəfdən Azərbaycanın keçdiyi mürəkkəb yolun siyasi yekunu idisə, digər tərəfdən bölgənin gələcəyi ilə bağlı verilən açıq mesajlar idi.

Uzun illər ərzində beynəlxalq təşkilatlar Qarabağ münaqişəsinə münasibətdə susqun və təsirsiz mövqe nümayiş etdiriblər. Kağız üzərində qəbul edilən qərarlar real həyatda heç bir nəticə vermədi. İşğal altında qalan şəhərlər dağıdıldı, insanlar öz yurdlarından didərgin salındı, amma dünya buna sadəcə müşahidəçi kimi baxdı. Azərbaycan isə zaman keçdikcə anladı ki, milli maraqları qorumağın əsas yolu güclü dövlət və qətiyyətli siyasi iradədən keçir. 44 günlük Vətən müharibəsi bunun ən aydın nümunəsinə çevrildi. Ölkə öz haqqını özü təmin etdi və bununla bölgədə tamamilə yeni siyasi mənzərə formalaşdırdı.

Bu gün artıq regionda yaranmış vəziyyət əvvəlki illərin qeyri-müəyyən siyasi balansına əsaslanmır. Azərbaycan həm hərbi, həm diplomatik, həm də iqtisadi baxımdan təşəbbüsü əlində saxlayan tərəfdir. Prezidentin çıxışlarında da xüsusi vurğulanan məqamlardan biri məhz bu idi. Azərbaycan heç bir təzyiq qarşısında geri çəkilməyən, milli maraqlarını qətiyyətlə müdafiə edən dövlətə çevrilib".

Parlamentarinin sözlərinə görə, ATƏT-in Minsk qrupunun fəaliyyəti isə illər boyu nəticəsiz diplomatiyanın simvolu oldu: "Münaqişənin həlli adı altında zaman uzadıldı, status-kvonun davam etməsinə göz yumuldu. Bu müddətdə beynəlxalq hüquq selektiv şəkildə tətbiq edildi, işğal faktına münasibətdə ikili standartlar açıq hiss olundu. Lakin Azərbaycanın əldə etdiyi qələbə bütün bu siyasi manipulyasiyaları fakt qarşısında qoydu. Regionun gələcəyini artıq uzaq mərkəzlərdə deyil, məhz bölgə dövlətləri müəyyənləşdirir.

Prezidentin mesajlarında Ermənistanın xarici təsirlərdən asılı siyasəti də diqqət mərkəzində idi. Bəzi böyük dövlətlərin İrəvandan geosiyasi alət kimi istifadə etmək cəhdləri bölgədə sabitliyə deyil, yeni risklərə xidmət edir. Xüsusilə Fransanın son dövrlərdə nümayiş etdirdiyi qərəzli yanaşma regionda etimad mühitinə ciddi zərbə vurur. Halbuki bölgənin ehtiyacı yeni qarşıdurma deyil, uzunmüddətli sabitlikdir. Azərbaycan və Türkiyənin ortaya qoyduğu əməkdaşlıq modeli isə məhz təhlükəsizlik, inkişaf və qarşılıqlı maraqlara söykənən regional yanaşmanı gücləndirir.

Digər mühüm məsələ postmüharibə quruculuğu ilə bağlıdır. Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən layihələr artıq təkcə bərpa prosesi deyil, bütöv bir həyatın yenidən qurulmasıdır. Dağıdılmış şəhərlərin yenidən dirçəldilməsi, yolların çəkilməsi, yaşayış məntəqələrinin qurulması və insanların doğma torpaqlarına qayıdışı dövlət siyasətinin əsas prioritetinə çevrilib. Bu gün həmin ərazilərdə aparılan işlər Azərbaycanın gücünü və gələcəyə baxışını nümayiş etdirir.

İşğal dövründə törədilən dağıntılar da unudulmamalıdır. Viran qoyulan yaşayış məntəqələri, məhv edilən tarixi irs, dağıdılmış məscid və qəbiristanlıqlar illərlə davam edən vandalizmin nəticəsi idi. Azərbaycan bu həqiqətləri beynəlxalq ictimaiyyətə çatdırmaqla həm ədalətin bərpasına çalışır, həm də gələcək nəsillərin tarixi yaddaşını qoruyur".

Xanım deputat onu da qeyd etdi ki, bu gün dünya yeni təhlükələrlə üz-üzədir: "Müharibələr, enerji böhranları, ərzaq təhlükəsizliyi ilə bağlı risklər bir çox bölgələrdə qeyri-sabitlik yaradır. Belə bir zamanda Azərbaycanda hökm sürən sabitlik ölkənin strateji əhəmiyyətini daha da artırır. Enerji və nəqliyyat layihələri, beynəlxalq tədbirlər və qlobal əməkdaşlıq platformalarında iştirak Azərbaycanın regional çərçivədən çıxaraq daha geniş siyasi təsir imkanları qazandığını göstərir.

Zəngilandan verilən mesajların əsas mahiyyəti də məhz budur: Azərbaycan artıq öz taleyini özü müəyyən edən, regionun gələcəyinə istiqamət verən güclü dövlət kimi çıxış edir. Müharibədən sonra yaranan yeni mərhələdə ölkə həm təhlükəsizlik, həm inkişaf, həm də siyasi iradə baxımından bölgənin əsas söz sahibinə çevrilib".

Cavanşir ABBASLI
Musavat.com

Seçilən
15
1
musavat.com

10Mənbələr