Bakivaxti portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.
Cənab Prezidentin Zəngilanda səsləndirdiyi fikirlər son otuz ilin siyasi yekunu kimi qiymətləndirilməlidir.
ATƏT-in Minsk qrupu illərlə sülh mexanizmi adı altında işğalın uzadılmasına, status-kvonun qorunmasına və nəticə etibarilə Azərbaycan torpaqlarının ilhaqına şərait yaradan uğursuz bir formata çevrilmişdi. ABŞ, Rusiya və Fransa sıradan dövlətlər deyildi. Hər üçü BMT Təhlükəsizlik Şurasının daimi üzvü, nüvə dövləti və qlobal qərarvermə sisteminin əsas aktorları idi. Lakin məhz bu dövlətlər Azərbaycanın işğal olunmuş əraziləri ilə bağlı BMT TŞ qətnamələrinin icrasına real təminat vermədilər. Onlar beynəlxalq hüququn qarantı olmaq əvəzinə, ona seçici yanaşdılar. Başqa məsələlərdə qərarları dərhal icra etdikləri halda, Azərbaycanın məsələsində həmin qərarların icrasını illərlə mümkünsüz hala gətirdilər. Prezident İlham Əliyevin 44 günlük müharibədən sonra Minsk qrupu həmsədrlərinə “mən sizi dəvət etməmişəm” deməsi əslində diplomatik protokolun deyil, tarixi həqiqətin ifadəsi idi. Çünki Azərbaycan öz ərazi bütövlüyünü özü bərpa etmiş, Minsk qrupunu isə faktiki olaraq tarixin zibilliyinə göndərmişdi. Həmsədrlərin illərlə “münaqişənin hərbi həlli yoxdur” fikrini tutuquşu kimi təkrarlaması, kompromis adı altında Azərbaycana təslimçi sülh sırımağa çalışması, hətta “Şimali Qarabağ” kimi absurd ifadələri dövriyyəyə buraxması onların reallıq hissini nə dərəcədə itirdiyini göstərirdi. Onların gözü qarşısında şəhərlərimiz, kəndlərimiz, məscidlərimiz, qəbiristanlıqlarımız, tarixi abidələrimiz dağıdılır, qanunsuz məskunlaşma aparılır, sərvətlərimiz talan olunur, böyük vəsaitlər mənimsənilirdi. Amma Minsk qrupu bütün bunlara susurdu. Ona görə də bu qurum diplomatiya tarixində sülh platforması kimi yox, diplomatik utancın, riyakarlığın, ikili standartların və müstəmləkəçi düşüncənin nümunəsi kimi qalacaq.
Bu mənzərənin ikinci mühüm tərəfi Ermənistanın müstəqil dövlətçilik qabiliyyəti ilə bağlıdır. Ermənistan uzun illər ərzində öz siyasi varlığını müstəqil iradə üzərində deyil, hansısa xarici gücün himayəsi altında qurmağa çalışıb. Dünənə qədər bu rol əsasən Rusiyaya aid idisə, bu gün İrəvan eyni asılılıq modelini Fransa üzərindən davam etdirməyə cəhd edir. Fransa isə Ermənistanı Cənubi Qafqazda öz neokolonial siyasətinin alətinə çevirməyə çalışır. Makron administrasiyası Ermənistanı müdafiə etdiyini deyir, amma əslində regionda öz təsir dairəsini genişləndirmək, Azərbaycan və Türkiyənin formalaşdırdığı yeni geosiyasi reallığa mane olmaq istəyir. Cənab Prezidentin Zəngilan çıxışında Fransa və Makron xəttinə yönələn mesajlar da məhz bu kontekstdə oxunmalıdır. Makronun öz ölkəsində ciddi siyasi böhran yaşadığı, reytinqinin aşağı düşdüyü bir vaxtda Cənubi Qafqazda fəal görünmək istəyi daha çox daxili zəifliyi xarici fəallıqla örtmək cəhdinə bənzəyir. Onun Ermənistana səfərini Türkiyə üzərindən quru sərhədi ilə həyata keçirmək niyyəti ayrıca siyasi jest olacaqdı. Lakin Prezident İlham Əliyev və Prezident Rəcəb Tayyib Ərdoğanın qətiyyətli mövqeyi göstərdi ki, regionun siyasi marşrutlarını artıq kənar güclər deyil, bölgənin real güc mərkəzləri müəyyən edir. Bu, Cənubi Qafqazda yeni dövrün əsas fərqidir. Azərbaycan və Türkiyə artıq sadəcə proseslərə reaksiya verən tərəflər deyil, prosesləri formalaşdıran aktorlardır. Fransa Ermənistanı öz yeni protektoratına çevirmək istəsə də, Azərbaycan bu oyunun mahiyyətini açıq görür və onu həm siyasi, həm diplomatik, həm də təhlükəsizlik müstəvisində neytrallaşdırmaq gücünə malikdir.
Bugünkü mərhələdə sülhün təşəbbüskarı da, əsas qarantı da Azərbaycandır. Ermənistanın müxtəlif konfranslar, seminarlar və beynəlxalq platformalar vasitəsilə özünü sülh tərəfdarı kimi təqdim etməsi reallığı dəyişmir. Real sülh kağız üzərində deyil, ərazi iddialarından imtina, konstitusion dəyişiklik, sərhədlərin tanınması, kommunikasiyaların açılması və revanşizmdən uzaqlaşmaqla mümkündür. Ermənistan ərazisində fəaliyyət göstərən Avropa missiyası isə ciddi suallar doğurur. Bu missiya həqiqətən sülhə xidmət edən müşahidə mexanizmidir, yoxsa Fransanın dəstəklədiyi yeni səlibçi və neokolonial yanaşmanın regional alətidir? “Binokl diplomatiyası” sülh yaratmır, əksinə, Ermənistan cəmiyyətində yanlış arxayınlıq formalaşdırır. Əgər sabah Ermənistanda revanşist qüvvələr hakimiyyətə gəlib Azərbaycana qarşı yeni iddialar və provokasiyalar irəli sürsələr, Azərbaycan buna laqeyd qalmayacaq. Prezident Əliyevin dəfələrlə vurğuladığı kimi, ölkəmiz öz təhlükəsizliyini qorumaq üçün lazım olan bütün qəti və önləyici addımları atacaq. Çünki Azərbaycan artıq Köçəryanların, Sarkisyanların, Qarabağ separatizminin və onların arxasında dayanan qüvvələrin siyasi-hərbi modelini məğlub edib. Bu qələbə yalnız 44 günlük müharibənin nəticəsi deyil. Bu, Ulu Öndər Heydər Əliyevin siyasi səhnədən uzaqlaşdırılmasından sonra genişlənən Qarabağ hərəkatının, ona dayaq verən xarici dairələrin və 200 ilə yaxın Cənubi Qafqazda hökm sürən tarixi ədalətsizliyə əsaslanan status-kvonun məğlubiyyətidir. Bəlkə də cəmiyyətimiz bu qələbənin miqyasını hələ tam dərk etmir. Amma tarixi baxımdan Azərbaycan təkcə torpaqlarını azad etmədi, həm də regionda köhnə imperiya xəritələrini, süni asılılıq sistemlərini və “güclü himayədar olmadan yaşamaq mümkün deyil” düşüncəsini darmadağın etdi.
Qarabağ və Şərqi Zəngəzurda aparılan bərpa və quruculuq işləri isə bu böyük siyasi qələbənin maddi, sosial və mənəvi davamıdır. Zəngilanda yeni yaşayış komplekslərinin istifadəyə verilməsi, sakinlərin doğma yurda qayıdışı, Prezidentin şəhid atası və köç edən ailələrlə səmimi dialoqu göstərir ki, dövlət azad edilmiş əraziləri yalnız xəritədə bərpa etmir, oraya həyat qaytarır. Bu miqyasda dağıdılmış şəhərlərin, kəndlərin, yolların, məktəblərin, məscidlərin və ekoloji sistemlərin yenidən qurulması dünyada nadir nümunələrdəndir. Ermənistanın törətdiyi urbicid, ekosid və kultursid cinayətləri yalnız fiziki dağıntı deyildi. Bu, Azərbaycan izini silmək, yaddaşı məhv etmək, torpağı kimliksizləşdirmək siyasəti idi. Lakin bu gün həmin torpaqlarda yeni şəhərlər salınır, yollar çəkilir, hava limanları, yaşayış kompleksləri və sosial infrastruktur yaradılır. Bu proses həm də Azərbaycanın sabitlik modelini dünyaya göstərir. WUF13 kimi beynəlxalq tədbirlərə hazırlıq, ölkənin şəhərsalma, bərpa və dayanıqlı inkişaf təcrübəsinin qlobal platformaya çıxarılması Azərbaycanın artıq yalnız regional qalib deyil, həm də qlobal təşəbbüskar olduğunu göstərir. Dünyada ərzaq qiymətlərinin artdığı, Körfəz ətrafında gərginliyin, enerji və gübrə bazarlarında problemlərin dərinləşdiyi bir vaxtda Azərbaycan sabitlik, əmin-amanlıq və inkişaf məkanı kimi seçilir. Zəngilandan verilən əsas mesaj da budur: Azərbaycan müharibəni qələbə ilə bitirdi, diplomatik riyakarlığı ifşa etdi, tarixi ədaləti bərpa etdi və indi həmin ədalətin üzərində yeni regional nizam qurur.
Züriyə Qarayeva
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.