Venesuelanın müvəqqəti Prezidenti Delsi Rodriges ölkəsini ABŞ-nin 51-ci ştatına çevirməyi “ciddi şəkildə” düşündüyünü deyən ABŞ Prezidenti Trampa müstəqillik mesajı ilə cavab verib.
"Cebheinfo.az" xəbər verir ki, Qayana ilə Essequibo bölgəsi üzərində yaşanan mübahisə ilə bağlı Beynəlxalq Ədalət Məhkəməsində keçirilən prosesi izləmək üçün Niderlandın Haaqa şəhərinə gedən Rodriges Trampın açıqlamalarına münasibət bildirib.
Rodriges Venesuelanın müstəqilliyini vurğulayaraq deyib:
“Belə bir şey heç vaxt qəbul edilə bilməz. Çünki venesuelalıları xarakterizə edən ən əsas xüsusiyyətlərdən biri müstəqillik mübarizəmizə və bu mübarizənin kişi və qadın qəhrəmanlarına bağlılığımızdır. Ölkəmizin bütövlüyünü, suverenliyini və müstəqilliyini qorumağa davam edəcəyik".
Rodriges Tramp administrasiyası ilə əməkdaşlığa əsaslanan diplomatik gündəm apardıqlarını bildirərək əlavə edib:
“Tariximiz bizi koloniya deyil, azad ölkə etmək üçün həyatlarını fəda edən qadın və kişilərin zəfərlərlə dolu mübarizəsidir".
Qeyd edək ki, "Fox News"-un müxbiri Con Robertsə telefonla verdiyi müsahibədə Venesuela ilə bağlı fikirlərini bölüşən Tramp ölkəni ABŞ-nin 51-ci ştatına çevirməyi “ciddi şəkildə” düşündüyünü bildirərək “Venesuela Trampı sevir” ifadəsini işlətmişdi.
Venesuela prezidenti Nikolas Maduronun yanvarın 3-də Karakasdakı evindən ABŞ-yə aparılmasından sonra bu ölkə ilə neft razılaşması bağlayan Tramp açıqlamalarında Rodriges ilə “yaxşı anlaşdığını” da demişdi.
Tramp daha əvvəlki çıxışlarında da Venesuelanı ABŞ-yə bağlı ştata çevirmək istədiyini dilə gətirmişdi.