Moderator.az portalından verilən məlumata görə, ain.az xəbər yayır.
SOCAR-ın sabiq vitse-prezidenti Mikayıl İsmayılovın oğlu Orxan İsmayılzadə qızı Nil İsmayılzadənin saxlanılması üçün müəyyən olunan aliment məbləğindən narazıdır. Musavat.com xəbər verir ki, Orxan İsmayılzadə Bakı Apelyasiya Məhkəməsinin ötən həftə verdiyi qərarda aliment məbləğinin 500 manatdan 580 manata qaldırılmasına etiraz edib. Oliqarx oğlunun şikayətinə mayın 12-də Bakı Apelyasiya Məhkəməsində hakim İkram Şirinovun sədrliyi ilə baxılacaq.
İş üzrə iddiaçı tərəf əvvəlki qərarın dəyişdirilməsinə etiraz edirlər. Artıq elan olunmuş qərarın qısa müddət sonra yenidən müzakirəyə çıxarılması hüquqi baxımdan izaha ehtiyac yaradır. Xüsusilə də məhkəmə qərarlarının sabitliyi və hüquqi müəyyənlik prinsipi fonunda bu cür dəyişikliklər mübahisə predmetinə çevrilib. Fidan Abbasova Orxan İsmayılzadəyə qarşı iddia qaldıraraq qızları Nilə aliment ödənməsi, ata adının və soyadının verilməsi iddiası ilə çıxış etmişdi. Uzun illərə söykənən məhkəmə çəkişmələrindən sonra, 2026-cı il aprelin 28-də Bakı Apelyasiya Məhkəməsində hakim İkram Şirinovun sədrliyi ilə Fidan Abbasovanın xeyrinə qərar qəbul olunub. Apelyasiya instansiyası iş üzrə Sabunçu rayon Məhkəməsinin 23 sentyabr 2024-cü il tarixli qətnaməsini qüvvədə saxlayıb. Məhkəmə müəyyən edib ki, uşağın şəxsiyyət vəsiqəsində “ata” qrafasında Orxan adı, “soyad” hissəsində isə İsmayılzadə yazılmalıdır.

Bununla yanaşı, aylıq aliment məbləği də 500 manatdan 580 manata qaldırılıb. Halbuki iddiaçının vəkili Asim Abbasov Orxan İsmayılzadənin geniş imkanlarını nəzərə alaraq aylıq 2 min manat aliment kəsilməsini istəyirdi. İşin mahiyyəti ondan ibarətdir ki, Fidan Abbasova qızı Nilin atasının Orxan İsmayılzadə olduğunu deyir, müvafiq sübutlar təqdim edir. Orxan İsmayılzadə isə əksini iddia etsə də, ayrı-ayrı 3 məhkəmənin təyin etdiyi ekspertizalara qatılmaqdan yayınmaqla həqiqətin üzə çıxmasından yayınıb. Fidan Abbasova bildirir ki, Orxan İsmayılzadə ilə 2012-ci ildən faktiki nikah münasibətlərində olublar və bu münasibətlərdən 2015-ci ildə Nil adlı qız övladı dünyaya gəlib. Lakin Orxan İsmayılzadə uşağın atası kimi tanınmaqdan və onun saxlanılmasında iştirak etməkdən imtina edib. Məhkəmə prosesi zamanı təqdim olunan materiallarda tərəflərin birlikdə yaşaması, xarici ölkələrə birgə səfərləri və digər faktlar göstərilsə də, cavabdehin ekspertizadan yayınması səbəbindən əsas sübutlardan biri hesab olunan DNK testi baş tutmayıb. Qanuna görə tərəflərdən biri ekspertizanın işindən iştirakdan yayınması qarşı tərəfin xeyrinə yozulur. Qanuna əsasən, belə halda iddia tələbi təmin edilib.
Xatırladaq ki, Orxan İsmayılzadə qızı Nil İsmayılzadənin saxlanılması üçün müəyyən olunan alimenti intizamlı şəkildə ödəmir. Hətta buna görə onun əmlakları üzərinə Sabunçu Rayon Məhkəməsinin qərarı ilə həbs də qoyulub. Məhkəmə materiallarında göstərilirdi ki, Orxan İsmayılzadənin adına müxtəlif daşınmaz əmlaklar və bahalı avtomobillər mövcuddur. Bunların sırasında qeyri-yaşayış binaları, mənzillər, fərdi yaşayış evi, həmçinin “Hummer H3 Alfa” və “Porsche Panamera Turbo” markalı avtomobillər də vardı. Məhkəmə qərarı ilə həmin əmlakların üzərinə həbs qoyulmuşdu. Maraqlıdır ki, məhz bundan sonra aylarla ödənilməyən aliment borcu hesablanaraq köçürülmüşdü. Əmlakların və nəqliyyat vasitələrin real bazar dəyəri ümumilkdə 1 milyon manatı aşırdı. İndi isə oliqarx oğlu qızını saxlanması üçün müəyyən olunan 80 manatlıq artıma etiraz edir...
Milyonlarla ölçülən əmlakların sahibi öz doğma övladının saxlanılması, normal şərtlərdə yaşamasına qarşı çıxır. Və indi bütün müzakirə 80 manatın üzərindədir. Bəli, cəmi 80 manat...
Bu 80 manat əslində iki dünyanın fərqini göstərir. Bir tərəfdə milyonluq əmlaklar, lüks avtomobillər, yüksək həyat standartı. Digər tərəfdə isə bir uşağın gündəlik ehtiyacları, məktəb xərcləri, sağlamlığı, gələcəyi…
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.