AZ

Ben Uayt zədə aldı, mövsümü erkən başa vurdu – ARENA.AZ

Futbol üzrə İngiltərə millisinin və “Arsenal”ın sağ cinah müdafiəçisi Ben Uayt zədə səbəbindən cari mövsümü erkən başa vurub.

Arena.az bu barədə London klubunun mətbuat xidmətinə istinadən xəbər verir.

28 yaşlı futbolçu İngiltərə Premyer Liqasının 36-cı turunda “Vest Hem”ə qarşı keçirdikləri səfər matçında (1:0) zədələnərək əvəzlənib. Onun dəqiq bərpa müddəti açıqlanmasa da, cari mövsümün qalan hissəsində oynamayacağı dəqiqdir.

Qeyd edək ki, “Arsenal”ı mövsümün sonuna qədər Premyer Liqada “Börnli” və “Kristal Pelas”la, UEFA Çempionlar Liqasında isə PSJ ilə final oyunu gözləyir.

Ben Uayt futbola “Kinqsvud” klubunda qədəm qoyub, ardınca “Sauthempton” futbol akademiyasına, oradan isə “Brayton”a keçərək, böyük futbolda debüt edib. Uayt karyerası ərzində “Nyuport Kaunti”, “Piterboro” və “Lids”də icarələrdə çıxış etdikdən sonra tamhüquqlu əsasda “Arsenal”a qoşulub.

“Arsenal” Uaytı 2021-ci ilin iyulunda “Brayton”dan 58,5 milyon avro məbləğ müqabilində öz düşərgəsinə qatıb. Uaytın London klubu ilə müaviləsi 2028-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.

Uayt cari mövsümdə “Arsenal”ın heyətində bütün yarışlarda 20 oyun keçirib, qol vurub, 2 məhsuldar ötürmə verib.

Uaytın “topçular”ın heyətində çıxışının ümumi mənzərəsi isə 190 oyun, 7 qol və 14 məhsuldar ötürmədən ibarətdir.

Ben Uayt 2021-ci ilin iyununda debüt etdiyi İngiltərə yığmasının heyətində 6 oyun keçirib, 1 qola imza atıb.

Ben Uaytın qənimətlər muzeyində “Lids”lə qazandığı İngiltərə Çempionşipi (2019/2020) və “Arsenal”la qazandığı İngiltərə Super Kuboku (2023/2024) var.

“Transfermarkt” internet-portalı 28 yaşlı müdafiəçinin transfer dəyərini 30 milyon avro məbləğində qiymətləndirir.

Xəbəri sosial şəbəkələrdə paylaş:
Seçilən
3
1
arena.az

10Mənbələr