Rusiya prezidenti Vladimir Putinin yeni raket sınaqları ilə bağlı bəyanatları onun "hərbi güc nümayiş etdirmək" istəyindən və diqqəti cəbhədəki vəziyyətdən yayındırmaq cəhdindən irəli gəlir.
Musavat.com UNİAN-a istinadən xəbər verir ki, Müharibənin Öyrənilməsi İnstitutunun (ISW) son hesabatında bu addımların arxasında duran əsas amillər təhlil edilib.
Analitiklərin fikrincə, Putinin "Sarmat" raketləri ilə bağlı mövqeyi əslində ordunun döyüş meydanındakı uğursuzluqlarını gizlətmək məqsədi daşıyır.
Hesabatda qeyd olunur ki, Ukraynanın endirdiyi zərbələr Rusiyanın öz dərin arxa cəbhəsini, xüsusilə paytaxtı etibarlı şəkildə qoruya bilmədiyini üzə çıxarıb.
Nəticədə, 9 may paradı xeyli ixtisar edilmiş formada keçirilib. İndi isə Putin raket sınaqları və sərt ritorikası ilə Moskvadakı Qələbə paradının təhlükəsizliyini Rusiyanın deyil, məhz Ukraynanın təmin etməsi faktını ört-basdır etməyə çalışır.
İkinci mühüm səbəb isə Rusiya ordusunun döyüş meydanında pisləşən nəticələridir. ISW vurğulayır ki, 2025-ci ilin oktyabrından bəri Rusiyanın irəliləyiş tempində ciddi azalma müşahidə olunur. Hətta 2024-cü ildə Ukraynanın Kursk vilayətinə daxil olmasından bəri ilk dəfə olaraq, Rusiya qoşunları xalis ərazi itkisi ilə üzləşib. 2026-cı ilin yanvarında isə ordunun komplektləşdirilməsi səviyyəsi müharibə dövründə ilk dəfə itkilərin bərpası səviyyəsindən aşağı düşüb.
Ukrayna Müdafiə Qüvvələri bir neçə istiqamətdə taktiki təşəbbüsü ələ keçirərək Rusiyanı çətin seçim qarşısında qoyub. Putinin "qələbə nəzəriyyəsi" Rusiyanın bütün cəbhə boyu irəliləməsinə əsaslansa da, reallıqda Ukrayna xətləri nəinki tab gətirir, həm də əks-hücumlarla bəzi yaşayış məntəqələrini azad edir.
Xatırladaq ki, mayın 12-də Putin "Sarmat" raketinin sınaqları ilə öyünərək, kompleksin ilin sonunda döyüş növbətçiliyinə veriləcəyini bildirib. O, həmçinin "Poseydon", "Burevestnik" və nüvə başlığı daşıya bilən "Oreşnik" raketlərinin imkanlarından, "Sarmat"ın mənzilinin 35.000 kilometri keçə biləcəyindən bəhs edib. Lakin hərbi ekspertlər bu çıxışları daxili və xarici auditoriyaya hesablanmış təbliğat gedişi hesab edirlər.
Musavat.com