Azertag portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.
Bakı, 13 may, AZƏRTAC
Prezident İlham Əliyevin Zəngilanda səsləndirdiyi fikirlər bir daha göstərdi ki, İkinci Qarabağ müharibəsində əldə olunan Zəfər illərlə aparılan sistemli dövlət quruculuğunun, iqtisadi güclənmənin və ordunun modernləşdirilməsinin nəticəsi idi. Azərbaycan uzun illər beynəlxalq təzyiqlərə baxmayaraq müstəqil siyasət yürütməyi bacardı və nəticədə öz ərazi bütövlüyünü bərpa etdi.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında siyasi şərhçi Ülviyyə Zülfiqar səsləndirib.
O bildirib ki, Azərbaycan torpaqlarının işğalı dövründə təxminən 30 ilə yaxın fəaliyyət göstərən ATƏT-in Minsk qrupu real nəticə ortaya qoya bilmədi və beynəlxalq hüququn prinsipləri təmin olunmadı.
“Burada məsələ təkcə vasitəçilik mexanizminin zəifliyi deyil, həm də böyük güclərin geosiyasi maraqlarının beynəlxalq hüququ üstələməsi idi. 1992-ci ildə yaradılmış Minsk qrupu Ermənistan-Azərbaycan münaqişəsinin sülh yolu ilə həllinə nail olmaq məqsədi daşıyırdı. Lakin illər ərzində aparılan danışıqların nəticəsiz qalması, status-kvonun qorunması və işğal faktının uzun müddət davam etməsi bu formatın effektivliyinə dair ciddi suallar formalaşdırdı. Xüsusilə Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərinin işğal altında qalmasına baxmayaraq, prosesin sonsuz danışıqlar mərhələsinə çevrilməsi tənqid edilən məqamlardan oldu”, – deyə siyasi şərhçi vurğulayıb.

Ü.Zülfiqar qeyd edib ki, münaqişə dövründə ATƏT-in Minsk qrupunun yarıtmaz fəaliyyəti Azərbaycan cəmiyyətində uzun illər ciddi narazılıq doğuran məsələlərdən biri olub.
“Formal olaraq vasitəçilik missiyası daşıyan bu qurumun həmsədrləri – ABŞ, Fransa və Rusiya – onilliklər ərzində münaqişənin həlli ilə bağlı real nəticə ortaya qoya bilmədilər. Bu yanaşma Azərbaycanda haqlı olaraq ikili standartlar kimi qəbul edilirdi. Çünki dünyanın müxtəlif bölgələrində ərazilərin işğalına münasibətdə sərt mövqe nümayiş etdirən bəzi dövlətlər Qarabağ məsələsində beynəlxalq hüququn açıq şəkildə pozulmasına qarşı eyni prinsipiallığı göstərmirdilər. Əksinə, uzun illər ərzində status-kvonun qorunması istiqamətində passiv və nəticəsiz diplomatik proses aparılırdı”.
Siyasi şərhçinin sözlərinə görə, böyük güclər üçün Qarabağ məsələsi yalnız regional problem deyil, həm də geosiyasi təsir aləti idi.
“Münaqişənin tam həlli regionda yeni siyasi və iqtisadi reallıqlar yaradacaqdı və bu, həmin dairələrin maraqlarına uyğun deyildi. Məhz buna görə də illərlə danışıqlar prosesi nəticəsiz qalır, işğalçıya qarşı real təzyiq mexanizmləri tətbiq olunmurdu. Ən diqqətçəkən məqamlardan biri vasitəçilərin işğalçı tərəfi açıq şəkildə adı ilə çağırmaması idi. Halbuki, BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi 4 qətnamədə Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərindən dərhal və qeyd-şərtsiz çıxması tələb edilirdi. Buna baxmayaraq, vasitəçilər illərlə “tərəflər”, “münaqişə tərəfləri” kimi ümumi ifadələrdən istifadə etməklə işğal faktını təhrif etməyə çalışırdılar”, – deyə siyasi şərhçi bildirib.
Ü.Zülfiqar vurğulayıb ki, Azərbaycanın öz ərazi bütövlüyünü bərpa etməsi regionda tamamilə yeni reallıq formalaşdırdı.
“Bundan sonra rəsmi Bakı açıq şəkildə bəyan etdi ki, münaqişə artıq həll olunub və Minsk qrupunun mövcudluğuna ehtiyac qalmayıb. Əgər beynəlxalq vasitəçilik mexanizmləri zamanında nəticə versəydi, region uzun illər davam edən müharibə və dağıntılarla üzləşməzdi”, – deyə o qeyd edib.
Ekspertin fikrincə, bu proses beynəlxalq münasibətlər sistemində daha geniş tendensiyanı da gündəmə gətirir. “Son illərdə müxtəlif münaqişələr fonunda beynəlxalq təşkilatların effektivliyi, qətnamələrin icra mexanizmləri və böyük dövlətlərin siyasi maraqları arasında balans məsələsi daha çox müzakirə olunur. Azərbaycan nümunəsi beynəlxalq hüququn tətbiqində ikili standartların və selektiv yanaşmaların real neqativ nəticələr doğurduğunu göstərən nümunələrdən biri kimi təqdim olunmalıdır. Minsk qrupunun 30 illik fəaliyyəti ilə bağlı tənqidlər təkcə bir vasitəçilik mexanizminin uğursuzluğu kimi deyil, beynəlxalq münasibətlər sistemində struktur problemlərin göstəricisi kimi də qiymətləndirilməlidir”, – deyə Ülviyyə Zülfiqar əlavə edib.
Müxbir - Səbinə Əlizadə
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.